Xəbəri Kokpitdə Oxuyun!

Testlərin ilk günündə Rassell liderdir

Testlərin hər günü adətən nasazlıqlar və itirilən vaxt azalır. Amma bu il vəziyyət unikaldır – həm dəyişikliklərin miqyasına, həm də testlərin uzunluğuna görə. Final seriyasının ilk günü əksər komandalar üçün artıq yeddinci test günü idi (Barselonadakı beş gündən üçü nəzərə alınmaqla), lakin dayanma halları ilk günlərdən də çox olub.

Demək olar ki, hamı trasa çıxıb və protokolda 21 sürücünün adı yer alıb, yalnız Maks Ferstappen baş verənləri kənardan izləyib.

Aston Martin-də yenidən Honda güc qurğusu ilə problem yaranıb və Fernando Alonso cəmi 28 dövrə vurub. Daha sonra mühərrik dəyişdirilib, lakin nahardan sonra sükan arxasına keçən Ləns Stroll 11-ci döngədən əvvəl ötürmələr qutusunun nasazlığı səbəbindən trasdan çıxıb və qırmızı bayraqlar dalğalanıb.

Səhər Ayzek Hacar 13 dövrədən sonra soyutma sistemi ilə bağlı problemə görə boksa qayıdıb. Red Bull Racing təmir üçün qapanıb, maşını yenidən işə sala bilib və  fransız sürücü fasilədən sonra yenidən trasa çıxıb.

Ferrari səhər yeni arxa qanad elementi ilə diqqət çəkib, Şarl Lekler ən yaxşı nəticəni göstərib. Lakin nahardan sonra Lyuis Həmilton bir saatdan çox gözləməli olub. Beləliklə mexaniklər iki fərqli aerodinamik konfiqurasiyanı müqayisə ediblər. Günün qalan hissəsində o, aero boya ilə uzun seriyalar üzərində işləyib.

Cadillac üçün gün yenə uğursuz keçib. Səhər Serxio Peres sensor problemləri səbəbindən cəmi 24 dövrə vurub, günorta isə Valtteri Bottas sessiyanın ortasında trasa çıxıb.

Gün ərzində sürücülər bir-biri ilə mübarizə aparmağa və ötmələr sınamağa çalışıblar, lakin şərtlər bərabər olmayıb. Hamı müxtəlif yanacaq yükləri ilə işləyib.

Sessiyanın sonunda FIA-nın xahişi ilə sürücülər təhlükəsizliklə bağlı narahatlıqlara cavab olaraq yenilənmiş start prosedurunu sınaqdan keçiriblər. Günorta Audi komandasının maşını start imitasiyası zamanı sönmüşdü. Günün sonunda artıq belə hal yaşanmayıb, ancaq görüntü və səs bir qədər qəribə olub. Bundan sonra start zamanı sürətlənən turbinlərin vıyıltısına öyrəşmək lazım gələcək.

Son yarım saatda protokola Corc Rassell başçılıq edib. O, 1:33.459 nəticə göstərərək Bəhreyndəki testlərin indiyə qədərki ən yaxşı vaxtını vurub.

Sabah testlər davam edəcək.

# Pilot Komanda Vaxt Fərq Dövrə
1 George Russell Mercedes 1:33.459 76
2 Oscar Piastri McLaren 1:33.469 +0.010 70
3 Charles Leclerc Ferrari 1:33.739 +0.280 70
4 Lando Norris McLaren 1:34.052 +0.593 54
5 Kimi Antonelli Mercedes 1:34.158 +0.699 69
6 Isack Hadjar Red Bull 1:34.260 +0.801 66
7 Lewis Hamilton Ferrari 1:34.299 +0.840 44
8 Carlos Sainz Williams 1:35.113 +1.654 55
9 Franco Colapinto Alpine 1:35.254 +1.795 60
10 Gabriel Bortoleto Audi 1:35.263 +1.804 71
11 Alex Albon Williams 1:35.690 +2.231 55
12 Liam Lawson Racing Bulls 1:35.753 +2.294 61
13 Oliver Bearman Haas 1:35.778 +2.319 42
14 Pierre Gasly Alpine 1:35.898 +2.439 61
15 Lance Stroll Aston Martin 1:35.974 +2.515 26
16 Esteban Ocon Haas 1:36.418 +2.959 65
17 Fernando Alonso Aston Martin 1:36.536 +3.077 28
18 Nico Hülkenberg Audi 1:36.741 +3.282 49
19 Arvid Lindblad Racing Bulls 1:36.769 +3.310 75
20 Valtteri Bottas Cadillac 1:36.798 +3.339 35
21 Sergio Perrez Cadillac 1:38.191 +4.732 24

 

Rauf Hacıyev

Şərh əlavə et