Xəbəri Kokpitdə Oxuyun!

Bugatti-dən daha bir möhtəşəm maşın

Bugatti şirkəti yalnız bir nüsxədə istehsal edilən unikal modellər üzərində çalışan Solitaire proqramının ikinci avtomobilini təqdim edib.

Solitaire proqramı ötən ilin avqustunda Ettore Bugatti-nin sevimli atına həsr olunmuş Bugatti Brouillard modeli ilə işə salınmışdı. Proqramın ikinci avtomobili – Bugatti F.K.P. Hommage – fransız markasının Veyron modelini yaratdığı dövrdə şirkətə rəhbərlik etmiş əfsanəvi mühəndis Ferdinand Pyexin şərəfinə hazırlanıb.

Bugatti F.K.P. Hommage, ilk dəfə 1999-cu ildə Veyron-un debütü ilə təqdim edilən W16 platforması üzərində qurulub. Avtomobil Bugatti Chiron Super Sport modelində ilk dəfə istifadə olunan 1600 at gücü olan, dörd turbinli mühərriklə təchiz edilib. Bununla yanaşı, güc qurğusu daha iri turbinlər, təkmilləşdirilmiş interkulerlər və modernləşdirilmiş soyutma sistemi alıb, avtomobilə isə gücləndirilmiş ötürmələr qutusu quraşdırılıb.

Xarici görünüş baxımından avtomobil Veyron-un proporsiyalarını qoruyub, lakin ön hissə Chiron üslubunda tərtib edilib. Dizaynerlər ön hissədə hava girişlərini böyüdüb, nal formasında olan radiator barmaqlığı isə bütöv alüminium blokdan yonulub. Bundan əlavə, avtomobil sahibinin istəyi ilə ön panelə Audemars Piguet Royal Oak Tourbillon saatı inteqrasiya edilib.

Ferdinand Pyex – Ferdinand Porşenin nəvəsi – 1937-ci ildə anadan olub. O, 1963–1971-ci illərdə Porsche-də çalışıb və 906 və 917 modellərinin yaradılmasında iştirak edib. Daha sonra Audi-yə keçərək tam ötürücülü Audi Quattro layihəsinin müəlliflərindən biri olub. 1993-cü ildən etibarən Volkswagen Group-a rəhbərlik edib və dövrünün ən sürətli yol avtomobili sayılan Bugatti Veyron layihəsinə də nəzarət edib.

Elçin Zodorov

Şərh əlavə et