Xəbəri Kokpitdə Oxuyun!

Bugatti “Solitaire” layihəsinin ilk maşınını təqdim edib

Bugatti, markanın tarixi irsini tərənnüm edən və fərdiləşdirmə imkanlarını genişləndirən eksklüziv avtomobillər yaradacaq Solitaire proqram barədə açıqlama vermişdi.

Kokpit.az xəbər verir ki, artıq bu proqram işə salınıb və onun çərçivəsində hazırlanan ilk avtomobil — Bugatti Brouillard təqdim olunub.

Yeni avtomobil markanın qurucusu Ettor Buqattinin sevimli atına həsr olunub və onun şərəfinə adlandırılıb. Məlumdur ki, Brouillard adlı at tövlənin qapılarını, atlara olan sevgisi ilə tanınan Buqattinin hazırladığı xüsusi mexanizm vasitəsilə, özü açmağı bacarırdı.

Bugatti Brouillard 1600 at gücünə malik, dörd turbini olan W16 mühərriki ilə təchiz edilib — əvvəllər bu mühərrik istehsaldan çıxmış Bugatti Chiron modelində quraşdırılmışdı. Yaradıcıların qeyd etdiyinə görə, Brouillard W16 proqramının təkamül zirvəsidir. Bugatti mühəndisləri avtomobilin kuzovuna xüsusi diqqət yetiriblər — burada aerodinamik həllər funksional şəkildə avtomobilin dizaynına inteqrasiya edilib.

Beləliklə, radiatorlardan keçən hava girişləri təzyiq fərqi yaradırlar və soyutmanın optimallaşdırılması üçün hava axınını artırırlar, “ördək quyruğu” üslubunda sabit qanad isə aerodinamik balansı təmin edir. Bundan başqa, qaz çıxma sisteminin innovativ quruluşu sayəsində arxa diffuzorun işçi sahəsi böyüdülüb.

Həmçinin, Bugatti avtomobilin zərif interyerini də vurğulayıb — o, Parisdə fərdi sifarişlə hazırlanmış parçadan tikilib. Bugatti Brouillard-da ötürmələr qutusu qolu bütöv alüminium parçasından hazırlanıb və içərisində əl işiylə düzəldilmiş miniatür Broyar atı heykəlciyi olan şüşə əlavəsi ilə təchiz edilib.

Avtomobil adı açıqlanmayan bir kolleksioner üçün hazırlanıb və yalnız bir nüsxədə buraxılıb. Bu kolleksioner təkcə müasir və klassik Bugatti modellərini deyil, həm də Karlo Buqattiyə məxsus mebel nümunələrini və Rembrandt Buqattinin heykəllərini toplayır. Maşının qiyməti açıqlanmayıb. Bugatti Brouillard-ın ictimai debütü isə 8–17 avqust tarixlərində keçiriləcək Monterey Avtomobil Həftəsində baş tutacaq.

Elçin Zodorov

Şərh əlavə et