Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Təhlükəsiz Maşını tədarükünə davam edəcək

Biz artıq xəbər vermişdik ki, Aston Martin şirkəti bundan sonra Formula 1 üçün təhlükəsizlik avtomobili təqdim etməyəcək. Bu gün isə Mercedes təsdiqləyib ki, 2026-cı il mövsümü ərzində keçiriləcək bütün 24 Qran Pri mərhələsində, eləcə də Bəhreyndəki testlərdə Formula 1, Formula 2, Formula 3 və digər dəstək yarışları üçün təhlükəsizlik avtomobili və tibbi avtomobilin yeganə tədarükçüsü olaraq qalacaq.

Yeni mövsümdə Mercedes təhlükəsizlik avtomobili kimi fəaliyyət göstərməsinin 30 illiyini qeyd edəcək. Bu müddət ərzində Formula 1-də Mercedes-AMG markası altında təhlükəsizlik avtomobili kimi 13 müxtəlif modeldən, tibbi avtomobil kimi isə səkkiz fərqli modeldən istifadə olunub.

2022-ci ildən etibarən təhlükəsizlik avtomobili rolunu Mercedes-AMG GT Black Series, tibbi avtomobil rolunu isə Mercedes-AMG GT 63 S 4MATIC+ yerinə yetirib. Ümumilikdə Mercedes-AMG üç təhlükəsizlik avtomobili və iki tibbi avtomobil təqdim edəcək, hər yarış həftəsonu onların ikisi trasda fəaliyyət göstərəcək. Avtomobillərin servisi və texniki dəstəyi şirkətin mütəxəssisləri tərəfindən həyata keçirilir.

Bernd Maylander təhlükəsizlik avtomobilinin sürücüsü vəzifəsini davam etdirəcək. Qarşıdakı Avstraliya Qran Prisi onun bu statusda 500-cü yarışı olacaq.

Mercedes-AMG Motorsport-un rəhbəri Kristof Zagemüller bildirib: “Təhlükəsizlik brendimizin və avtomobillərimizin əsas dəyərlərindən biridir. Məhz buna görə 1996-cı ildən bəri Formula 1 üçün rəsmi təhlükəsizlik avtomobili və tibbi avtomobil təqdim edirik.

2026-cı iı mövsümündən etibarən FIA-nın rəsmi avtomobilləri yenidən bütün Formula 1 mərhələlərində üçoxlu ulduz nişanı daşıyacaq. Bununla da biz ali yarış sinfində təhlükəsizliyin təmin olunmasına aktiv töhfə verməyə davam edəcəyik.

Formula 1 Mercedes-AMG üçün təkcə idman platforması deyil, həm də avtomobillərimizin sürətinin, etibarlılığının və təhlükəsizliyinin ekstremal şəraitdə nümayiş olunduğu bir mühitdir”.

Rauf Hacıyev

Şərh əlavə et