Xəbəri Kokpitdə Oxuyun!

Ferrari SF-26 təqdim olunub

Bugünkü Ferrari təqdimatı müddətinə görə rekord dərəcədə qısa olub: komanda kompüter animasiyası vasitəsilə hazırlanmış bir dəqiqə yarımlıq videoklip nümayiş etdirib və yeni SF-26 maşınına həsr olunmuş press-reliz yayımlayıb.

Bu, Maranelloda inşa edilən  72-ci Formula 1 bolididir və 2026-cı ilin texniki reqlamentinə uyğun hazırlanıb. Relizin mətnindən göründüyü kimi, bu reqlament “maşının arxitekturasının tam şəkildə yenidən düşünülməsini tələb edir”.

Ferrari-də vurğulanır ki, əsas diqqət çəkinin azaldılmasına və səmərəliliyin artırılmasına yönəldilib, çünki yeni reqlamentin müəllifləri məhz bu məqsədləri qarşıya qoyublar. Eyni zamanda Formula 1 yeni nəsil güc qurğularına keçir ki, onlar daha güclü hibrid hissə ilə seçilir.

Komandanın rəhbəri Frederik Vassyör bildirib: “SF-26 ilə həm Formula 1, həm də Ferrari üçün yeni bir era başlayır, çünki bu il həm şassi, həm də güc qurğuları üzrə yeni texniki reqlament qüvvəyə minib, eyni zamanda biz yeni yanacaq növlərinə və yeni ölçülü təkərlərə keçirik.

Bu maşın bütün komandanın böyük səylərinin nəticəsidir, bu isə tamamilə yeni bir səyahətin başlanğıcıdır və bu yolda bizi kifayət qədər naməlum məqamlar gözləyir.

Mövsümə hazırlıq prosesində komanda heç vaxt olmadığı qədər daha sıx birləşib. Gələn həftə Barselonada yeni maşının xüsusiyyətlərini öyrənməyə və onun davranışını analiz etməyə başlayacağıq. Bu ilkin mərhələdə əsas prioritet mümkün qədər çox məlumat toplamaq və mövsümün ilk yarışı ərəfəsində möhkəm baza formalaşdırmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et