Yeni dizayn parlaq mavi rəngdə hazırlanıb. Komandanın vurğuladığı kimi, bu rəng təkcə Williams-la assosiasiya olunmur, eyni zamanda titul sponsoru Atlassian şirkəti ilə əməkdaşlığı da əks etdirir.
Kontrastı şassinin yan hissəsindən maşının arxa tərəfinə doğru uzanan hamar qara zolaq yaradır. Bu zolaq qırmızı-ağ xəttlə haşiyələnib ki, bu da Naycel Mənsellin FW14B-si və Deymon Hillin FW18-i kimi çempion maşınlara xas olan Williams üslubunu xatırladır.
Rənglənmədə ən diqqətçəkən dəyişiklik saydpodlarda, ön və arxa qanadlarda ağ rəngin əlavə olunması olub. Konsepsiyaya görə bu, dizayna enerji və hərəkət effekti qatır, eyni zamanda sponsorların loqotiplərini də daha qabarıq göstərir.

Ceyms Vavlz, komandanın rəhbəri: “2026-cı ildə Williams komandası zirvəyə doğru növbəti addımı atacaq. İdmanımızda yeni era başlayır və biz qarşıdakı mövsümü səbirsizliklə gözləyirik.
Əla pilot heyətimiz, möhtəşəm yeni tərəfdaşlarımız və daim artan azarkeş bazamız var və ötən il əldə etdiyimiz uğurun üzərinə qoymaq istəyirik. Lakin biz sadəlövh deyilik və qarşıda çətinliklərin olacağını anlayırıq. Mövsümün ilk yarışında nə baş verəcəyini heç kim dəqiq bilmir, ancaq biz bunu səbirsizliklə gözləyirik və ümid edirik ki, azarkeşlərimiz bu möhtəşəm yeni rəng çalarını bəyənəcək və bizi dəstəkləyəcəklər”.

Aleks Elbon: “Yeni rəng çalarını ilk dəfə görəndə həmişə xüsusi hisslər yaşayırsan və FW48 inanılmaz görünür. Dizayn doğrudan da seçiləndir — cəsarətli, müasir və Williams komandası dərhal tanınır. 2026-cı ildə azarkeşlərin bu maşını trasda görməsini və bizi dəstəkləməsini səbirsizliklə gözləyirəm”.
Karlos Sayns: “FW48-in rəng çaları 2026-cı ildəki niyyətlərimizin təsdiqidir. Bu rənglər Williams-ın irsinə hörmət göstərməklə yanaşı, yeni eranın təzə və dinamik obrazını da əks etdirir.
Bu rəng çalarında yarışacağım üçün çox sevinirəm və dünyanın hər yerindəki azarkeşlərlə bu həyəcanı bölüşmək istəyirəm. Onların dəstəyi qarşıdakı ortaq macəramızda çox böyük rol oynayır!”




Şərh əlavə et