Xəbəri Kokpitdə Oxuyun!

Cadillac rəng çalarını təqdim edib

Cadillac F1 komandası verdiyi vədə uyğun olaraq, ilk bolidinin rəsmi rəng çalarını təqdim edib. Super Bowl-un final hissəsinə yaxın yayımlanan videoçarxda kifayət qədər maraqlı və zövqlü yanaşma seçilib. Kadrarxasında Con Kennedinin səsi eşidilir. ABŞ-ın 35-ci prezidenti bu tarixi sözləri 1962-ci ilin sentyabrında demişdi və o sözlər “Apollon” layihəsinə, insanlı kosmik gəminin Aya göndərilməsi planlarına həsr olunmuşdu.

Orada belə ifadələr də yer alırdı: “Biz seçim etdik. Bu onillikdə Ay’a uçacağıq və başqa işlərlə də məşğul olacağıq. Asan olduğu üçün yox, çətin olduğu üçün…”

Bu ssenari gedişini və seçilən obrazı uğurlu saymaq olar. Belə ki, bu hal Amerika Formula 1 komandasının üzərinə götürdüyü missiyanın miqyasını və mürəkkəbliyini açıq şəkildə vurğulayır.

Əsas intriqa, əlbəttə ki, bolidin hansı rəngdə olacağı idi. Cadillac burada da yaradıcı yanaşıb: maşın gümüşü-qara rəng çalarlarına boyanıb, lakin rənglər xüsusi qaydada paylanıb. Belə ki, sol tərəfdə gümüşü, sağ tərəfdə isə qara rəng üstünlük təşkil edir.

İlk baxışdan ən çox diqqət çəkən detal TWG AI brendinin olduqca böyük loqotipidir. Bu loqotip yaxın vaxtlarda Andretti Global komandasının Formula E bolidlərində də peyda olmuşdu. Cadillac loqosu mühərrik örtüyünün üzərində yerləşdirilib, məşhur Amerika markasının adı isə arxa qanadda görünür. Komandanın rəsmi saytında paylaşılan fotolarda digər tərəfdaşların reklamlarını da görmək mümkündür.

Şəkillərin bir qismi sanki sübh çağı ilk günəş şüaları altında çəkilib, digərləri isə parlaq işıqda təqdim olunub və bu da daha çox detalı seçməyə imkan verir.

Bolidin texniki xüsusiyyətləri ilə bağlı hələlik ətraflı məlumat yoxdur, lakin komandanın şəkilləri müşayiət edən qısa şərhini bölüşmək yerinə düşər: “Bizim missiyamız başlayır. Start məhz indi verilir. İlk bolidimizin dizaynı Formula 1-də yeni eranın başlanğıcına cəsarətli bir siqnaldır. Hər şey dəqiq müəyyən edilmiş məqsədlə başlayır: qurduğumuz sistem hər şeyə tab gətirəcək və növbəti mərhələnin necə olacağını müəyyən edəcək. İdmanda bizi ən yüksək səviyyəyə qalxmaq istəyi fərqləndirir və bu, hər detalda özünü göstərir – konstruktor işindən mühəndis həllərinə və komanda mədəniyyətinə qədər”.

Den Tauriss, Cadillac-ın Formula 1 proqramının rəhbəri: “Bu gün biz sadəcə rəng çalarını təqdim etmirik. Bu, bizim kim olduğumuzun və Formula 1-ə nə gətirdiyimizin əksidir.

Hər detal incəliklə düşünülüb: cəsarətli, müasir və açıq-aşkar amerikasayağıdır, ancaq eyni zamanda bu idmanı formalaşdıran irsə və dəqiqliyə hörmət edir. İlk  rəng çalarımızı Super Bowl zamanı və Times Square-in mərkəzində təqdim etmək qərarı effektivlik, mədəniyyət və əyləncənin kəsişməsində dayanan obrazımızı dünyaya göstərmək və paddokdan çox uzaqlarda olan azarkeşlərlə əlaqə qurmaq üsuludur”.

Qrem Loudon, komandanın rəhbəri:   “Bizim komandamız cəsarətli ambisiyalar və innovasiyalarda liderlik üzərində qurulub. Bu gün bu dəyərləri dünyada mədəni baxımdan ən əhəmiyyətli idman tədbirlərindən birindən istifadə ilə nümayiş etdirdik. Bunu Formula 1 tarixində indiyədək heç bir komanda etməmişdi”.

Rauf Hacıyev

Şərh əlavə et