Xəbəri Kokpitdə Oxuyun!

Mercedes W17 təqdim olunub

Mercedes komandası 2026-cı il mövsümü üçün hazırladığı yeni maşının ilk görüntülərini yayımlayıb. Yeni bolid Mercedes-AMG F1 W17 E Performance adlandırılıb və yeni texniki reqlamentin tələblərinə uyğun olaraq sələfindən daha kiçik, daha dar və daha yüngüldür.

W17 aktiv aerodinamika ilə təchiz edilib – ön və arxa qanadlar hərəkətlidir. Güc qurğusu isə elektrik və benzin gücünün demək olar ki, bərabər nisbətini təmin edir və komandanın titul və texniki tərəfdaşı Petronas tərəfindən hazırlanmış qabaqcıl, ekoloji cəhətdən təmiz yanacaq növləri ilə işləyir.

Yeni maşın yenilənmiş rəng çalarına da sahib olub. Mercedes-in mətbuat açıqlamasında vurğulanır ki, “yeni rəng çaları fərdiliyi və təkamülü cəsarətlə ifadə edir. Dinamik yaşıl Petronas xətti dizaynın mərkəzi elementi kimi korpus boyunca axaraq sürət və dəqiqliyi ön plana çıxarır, eyni zamanda Mercedes-in ikonik gümüş rəngindən komandanın dərin qara rənginə keçidlə harmoniyalı şəkildə birləşir”.

Saydpodların yuxarı hissəsi AMG dizaynından ilhamlanan romb formalı naxışla bəzədilib, bu element mühərrik qapağındakı Mercedes-in məşhur üçşüalı ulduz motivini tamamlayıb.

Komandanın rəhbəri və icraçı direktoru Toto Volf bildirib: “2026-cı ildə Formula 1-də ciddi dəyişikliklər olacaq və biz buna hazırıq. Yeni reqlament innovasiyalar və sürətə təsir edən bütün sahələrdə maksimum diqqət tələb edir.

Yeni maşın üzərində apardığımız iş, həmçinin Petronas ilə birlikdə güc qurğusu və qabaqcıl ekoloji yanacaqların çoxillik inkişafı bu yanaşmanı əks etdirir.

W17-nin ilk görüntülərinin paylaşılması bu prosesin növbəti mərhələsidir. Bu, Briksvort və Brəklidəki komandalarımızın kollektiv və ardıcıl səylərinin nəticəsidir. Qarşıdakı aylarda da intensiv işi davam etdirəcəyik”.

Beləliklə, Mercedes 2026-cı il üçün yeni dövrə hazır olduğunu açıq şəkildə nümayiş etdirib.

Rauf Hacıyev

Şərh əlavə et