Xəbəri Kokpitdə Oxuyun!

Audi R26 təqdim olunub

Audi Revolut F1 Team Formula 1-dəki yeni dövrünü Berlində təqdim etdiyi R26 avtomobili ilə rəsmən başladıb.

Almaniyalı istehsalçının 2026-cı il mövsümü üçün hazırladığı R26, Almaniyanın paytaxtında ilk dəfə bütün detalları ilə nümayiş etdirilib. Avtomobilin ön və orta hissələrində gümüş rəng üstünlük təşkil edir, mühərrik qapağının orta hissəsindən arxa qanada doğru isə fosforlu qırmızı və qara tonlar ön plana çıxır.

Qırmızı çalarlar saydpod girişlərində və airbox ətrafında istifadə olunub, qara rəng isə arxa qanadda, ön qanadda və ön təkərlərin arxasında yerləşən axın yönləndiricilərində yer alıb. Bolidin rəng çaları Audi-nin son həftələrdə elan etdiyi çoxsaylı yeni sponsorlarla daha da zənginləşdirilib.

Texniki cəhətə gəldikdə isə R26-nın trasda atdığı ilk dövrələrdə də müşahidə edildiyi kimi, həm ön, həm də arxa asılqanlarda push-rod (itələmə çubuğu) üsulundan istifadə edilib. Cadillac istisna olmaqla, bu konstruktiv seçimin 2026-cı il mövsümündə peleton  üzrə ən geniş yayılmış üsullardan biri olacağı gözlənilir.

Komanda, 2026-cı il mövsümü üçün Sauber dövründəki pilot heyətini dəyişməyərək, təcrübəli Niko Hülkenberg və Formula 1-də ilk tam mövsümündə müsbət təəssürat yaradan Qabriel Bortoleto ilə yoluna davam etməyi seçib.

Audi-nin Formula 1-dəki ilk mövsümündə komandanın rəhbərliyi Mattia Binottoya həvalə edilib. Daha əvvəl Ferrari-də texniki direktor və komanda rəhbəri vəzifələrində çalışmış italiyan mühəndis, bu layihəyə böyük təcrübə ilə qoşulub. Binottonun hədəfi isə aydındır: 2025-ci il mövsümünü 9-cu pillədə tamamlamış bu komandanı mərhələli şəkildə yuxarı pillələrə daşımaq…

Rauf Hacıyev

Şərh əlavə et