Xüsusilə avtomobilin aerodinamik elementlərində yerləşdirilən Toyota Gazoo Racing loqotipləri diqqəti cəlb edir. Yaponiyalı avtomobil nəhənginin yarış bölməsi bundan sonra Amerika komandasının titul sponsoru olacaq.
VF-26 onlayn formatda təqdim olunub: komandanın sosial şəbəkə hesablarında kifayət qədər dinamik videoçarx paylaşılıb, rəsmi səhifələrdə isə 2026-cı ilin texniki reqlamentinə uyğun hazırlanmış yeni maşının rəqəmsal renderləri dərc edilib.

Bu il avtomobillər daha kiçik və yüngül olacaq, onların asfaltayatma qüvvəsi və hava müqaviməti əmsalı azaldılıb, yeni nəsil hibrid güc qurğuları isə daha ekoloji dayanıqlı hesab edilən tam sintetik yanacağın istifadəsinə hesablanıb.
Haas F1 Team-in qurucusu və sahibi Cin Haas bildirib: “Bütün komandalar kimi, biz də 2025-ci ildə eyni vaxtda həm çempionatda çıxış etdij, həm də 2026-cı mövsüm üçün avtomobilin hazırlanması və inşası ilə məşğul olduq. Yeni texniki reqlamentin qüvvəyə mindiyi bu dövr əsl sınaq idi.
İndi, mövsümlərarası fasilədə bu maşınların nəyə qadir olduğunu və sürücülərin, mühəndislərin, eləcə də komandaların onlara necə uyğunlaşacağını anlamaq son dərəcə vacibdir. Ən azı heyətimiz sabit qalıb – Oliver Berman və Esteban Okon bizimlədir, konstruktor və mühəndis komandalarımız da yerindədir.

Keçən il pelotonun orta qrupunda son dərəcə gərgin mübarizə gedirdi, bizim üçün asan olmadı, ancaq indi işimizi davam etdirməli, inkişaf etməliyik və bu proses həm yarış traslarında, həm də onlardan kənarda baş verməlidir.
Şəxsən mən qüvvələr nisbətinin necə olacağını və yeni texniki reqlamentin nəticələrə necə təsir göstərəcəyini böyük maraqla gözləyirəm”.
Komandanın rəhbəri Ayo Komatsu isə qeyd edib: “Yeni avtomobili ilin lap əvvəlində, bu qədər tez təqdim etmək bir az qeyri-real görünür, amma bu, ümumi ruh yüksəkliyinə heç cür təsir etmir. Qarşıda yeni mövsüm var və üstəlik, Formula 1-in texniki reqlamentində ciddi dəyişikliklər edilib.
Biz tam diqqətimizi Barselonadakı testlərə hazırlığa yönəltmişik. Komandanın bütün əməkdaşları əvvəlki mövsüm başa çatdıqdan sonra keçən qısa müddət ərzində bu vəzifənin öhdəsindən gəlmək üçün böyük səylər göstərib, çünki maşınlar artıq yanvarda trasda işləməyə hazır olmalı idi.

Əlbəttə, yeni avtomobillərin özlərini necə göstərəcəyini və test proqramını davam etdirərkən bizi hansı çətinliklərin gözlədiyini bilmək istəyirik. Həm İspaniyada, həm də Bəhreyndə trasda mümkün qədər çox vaxt keçirmək vacibdir. Başa düşürük ki, bu prosesdə çətinliklər qaçılmazdır, lakin biz buna hazırıq, çünki sevdiyimiz işlə məşğuluq”.
Haas F1 Team bu il trasdakı ilk işinə 26–30 yanvar tarixlərində Barselonadakı testlərdə başlayacaq. Bu testlər zamanı hər bir komandaya cəmi üç gün işləməyə icazə verilib, daha sonra isə Bəhreyndə iki rəsmi test sessiyası keçiriləcək. Bunlar 11–13 və 18–20 fevral tarixlərində baş tutacaq.





Şərh əlavə et