Xəbəri Kokpitdə Oxuyun!

Dakar son gün: Əl-Əttiyə altıncı dəfə çempion olub

Gözlənildiyi kimi, Dakar marafonunun son günündə Nasser Əl-Əttiyə rəqiblərinə heç bir ümid yeri qoymayıb, riskə getməyib, final mərhələsini nisbətən sakit şəkildə başa vurub və Yanbudakı finişdə 13-cü nəticəni göstərib. Bu nəticə Qətər təmsilçisinə əfsanəvi ralli-reyddə altıncı qələbəsini təmin etmək üçün artıqlaması ilə kifayət edib.

Təbii ki, The Dacia Sandriders komandası onu ilk təbrik edənlərdən olub: cəmi ikinci ildir Dakarda iştirak edən komanda, ən təcrübəli sürücülərin – Əl-Əttiyə və onun şturmanı Fabian Lörkenin səyləri sayəsində artıq arzuolunan əsas mükafatın – “Qızıl bədəvi” heykəlciyinin sahiblərinin daxil olduğu nüfuzlu kluba düşə bilib. Qeyd edək ki, belçikalı Lörken daha əvvəl Sebastyen Löblə eyni ekipajda çıxış edib, lakin indi Əl-Əttiyəyə qoşulub və bu alyans qalibiyyətlə nəticələnib.

Nasser Əl-Əttiyə: “Bu yarışı qazanmağımız möhtəşəmdir! Bunun üçün çox çalışmalı olduq. Nə qədər böyük səylər göstərdiyimizi sözlə ifadə etmək çətindir. Fabian və komanda işin öhdəsindən əla gəldi və bəlkə də indi hələ güclü emosiyalar yaşamıram, amma ürəyimin dərinliyində çox-çox sevinirəm! Bəli, bu mənim altıncı qələbəmdir, ancaq yenə də Petranselin rekordunu qırmaq niyyətindəyəm!”

Bunu etmək isə asan olmayacaq, çünki Stefan Petransel müxtəlif komandaların yolsuzluq avtomobilləri ilə bu cür ralli-reydləri səkkiz dəfə qazanıb, iki təkərli kateqoriyadakı əvvəlki nailiyyətlərini də əlavə etsək, ümumilikdə onun 14 qələbəsi var.

Qeyd etmək lazımdır ki, Dacia Əl-Əttiyənin Dakarı qazandığı dördüncü avtomobil brendidir. Bundan əvvəl o, Volkswagen (2011), Mini (2015) və Toyota (2019, 2022 və 2023) ilə qalib gəlib. Bu cür statistikaya daha əvvəl yalnız Petransel və Karlos Sayns sahib ola bilib.

Sayns bu rallini 5-ci pillədə başa vurub, bugünkü mərhələni də beşinci nəticə ilə tamamlayıb. Görünür, o, 2026-cı ilin Dakarının karyerasında sonuncu olacağını vəd edib, baxmayaraq ki, Ford Racing rəhbərliyi artıq onunla əməkdaşlığı davam etdirməyə hazır olduğunu açıq şəkildə bildirir, yəni indi hər şey “Matador”un öz qərarından asılıdır.

Bugünkü mərhələnin məsafəsində qələbə uğrunda çox kəskin mübarizə gedib: Əl-Əttiyənin komanda yoldaşı Sebastyen Löblə, Ford Racing adından çıxış edən Mattias Ekström üz-üzə gəlib. Bu dueldə üstünlük isveçlinin tərəfində olub: şənbə günü, dünən olduğu kimi, o, daha sürətli olub, lakin doqquzqat ralli üzrə dünya çempionu ona cəmi 9 saniyə uduzub!

Bu nəticə Ekströmə ralli-reydin yekununda üçüncü yeri qoruyub saxlamaq üçün kifayət edib, lakin bu il Ford-un ən yaxşı pilotu o yox, Nani Roma olub. Saynsın həmvətəni və komanda yoldaşı ralli-reydi ikinci pillədə başa vurub, Əl-Əttiyəyə 9 dəqiqə 42 saniyə uduzub. Löb isə dördüncü nəticə ilə kifayətlənib.

Rauf Hacıyev

Şərh əlavə et