Xəbəri Kokpitdə Oxuyun!

Dakar 10-cu gün: Əl-Əttiyə liderliyə yüksəlib

Dünən Dakar barədə danışarkən Ford Racing-in ispaniyalı pilotları Nani Roma və Karlos Saynsın rallidə liderliyə yüksəldiklərini qeyd etmişdik, amma bugünkü hadisələrin gedişatı hər şeyi dəyişdirib.

Hər iki ispan sürücü bugünkü mərhələdə dünən əldə etdikləri hər şeyi itirərək, xeyli geriyə düşüblər. Buna səbəb naviqasiya səhvləri olub. Roma və Saynsın ekipajlarının səhvləri məhz dünənki nəticələrlə bağlı olub, çünki əvvəlki mərhələnin yekununa görə onlar bu gün birinci start alıblar və buna görə də izlərə baxaraq, istiqamət tapa bilməyiblər.

Bundan isə gözlənildiyi kimi Nasser Əl-Əttiyə yararlanıb və çempionatda yenidən birinci pilləyə yüksəlib.

Dacia Sandrider tamötürücülü prototipi ilə çıxış edən qətərli sürücü 10-cu mərhələni ikinci yerdə başa vurub və Cənubi Afrika istehsalı olan Century CR7 ilə yarışan Matyo Serradoriyə altı dəqiqədən bir qədər çox uduzub.

Lakin fransız sürücü ümumi sıralamada  Əl-Əttiyədən yarım saatdan çox geri qalır, buna görə də beşqat Dakar qalibinin əsas rəqibi sayılmır, Toyota komandasının pilotu Henk Lategan ikinci yerdə olsa da liderdən 12 dəqiqə geri qalır. Bəs 9-cu mərhələdən sonra ikinci olan Sayns? Təəssüf ki, “Matador” bu gün yeddinci olub və artıq Əl-Əttiyəyə 39 dəqiqə uduzur. Dacia Sandriders komandasında Əl-Əttiyənin komanda yoldaşı Sebastyen Löb isə dördüncü pilləyə yüksəlib.

İki təkərli kateqoriyada da lider dəyişib. KTM-in zavod pilotu və ötənilki Dakar qalibi Daniel Sanders favoritlərdən biri sayılırdı və bu günə qədər də bunu doğruldub. Lakin 10-cu mərhələnin 138-ci kilometrində nəsə baş verib. Böyük ehtimalla səhv edib və yıxılaraq sol çiynini zədələyib.

Sanders finişə çata bilib, amma mərhələ qalibi Honda sürücüsü Adrien van Beverenə təxminən 28 dəqiqə uduzub. Ümumi sıralamada isə lider Honda CRF450 ilə çıxış edən amerikalı Rikki Brabekdir. Bununla belə, KTM üçün ümidlər hələ qalır, sadəcə artıq Sandersə yox, Brabekdən bir dəqiqədən az geri qalan argentinalı Lusiano Benavidesə…

Challenger kateqoriyasında mənzərə demək olar ki, dəyişməyib: Taurus Evo Max yüngül yolsuzluq avtomobili ilə çıxış edən niderlandlılar Paul Spiringz və Yan-Piter van der Stelt növbəti mərhələni qazanıblar. Ümumi çempionatda isə Pau Navarro liderlik edir.

SSV1 sinfində bu gün də ən yaxşı nəticəni amerikalı Brok Heger göstərib — o, beşinci mərhələ qələbəsini qazanaraq liderliyini möhkəmləndirib. O, şturmanı Maks Eddi ilə birlikdə Sebastyen Löbün komandasında çıxış edir.

Ən ağır kateqoriyada da lider dəyişib. Dünənə qədər birinci olan Mitçel van den Brinkin yük maşınında marşrutun 16-cı kilometrində ötürücü vallardan biri sıradan çıxıb. Sözün əsl mənasında 24-cü ad günündə ona “hədiyyə” gəlib. Problemi aradan qaldırıblar, lakin 286-cı kilometrdə Dakar EVO4 qumlu bataqlığa ilişib və onu MM Technology komandasının rəhbəri olan çex sürücü Martin Masik çıxarıb.

Nəticədə 601 nömrəli ekipaj on mərhələdən sonra üçüncü yerə düşüb və yeni lider — litvalı Vaydotaş Jalaya 35,5 dəqiqə uduzub. İkinci yerə isə həm dünənki, həm də bugünkü mərhələni qazanmış təcrübəli Ales Loprais rəhbərliyində olan çex üçlüyü yüksəlib.

Rallinin finişi getdikcə yaxınlaşır və cümə axşamı yarışda qalanları 346 km-lik sürətli xüsusi mərhələlər gözləyir. Üstəlik naviqasiya səhvlərindən qaçmaq yenə də hamıya nəsib olmaya bilər. Dakar təşkilatçıları bu barədə belə yazıb: “Bu mərhələnin çətinliyi relyeflə bağlı deyil, lakin çoxsaylı ayrıc və kəsişmələrə görə insan özünü tez bir labirintdə hiss edir. Bu halda ən yaxşı müttəfiqlər dəqiqlik və soyuqqanlılıq olacaq…”

Məsləhət vermək asandır, amma həm insanların, həm də texnikanın yorğunluğunu nəzərə alsaq, buna əməl etmək heç də asan deyil.

Rauf Hacıyev

Şərh əlavə et