Bu gün ən yaxşı vaxtı Mattias Ekström göstərib. O, özünün RD Limited komandasını təmsil edən, lakin Ford-un zavod pilotları kimi eyni tamötürücülü prototiplə çıxış edən Roman Dümanı 1 dəqiqə 22 saniyə qabaqlayıb. Üçüncü nəticəni Ekströmun komanda yoldaşı Karlos Sayns göstərib, üstəlik o hətta qələbəyə də iddialı idi, amma alınmadı.
Karlos Sayns: “Mattias marşrutun daşlı hissəsində mənə çatdı. O, dəli kimi gedirdi, ona görə də onu buraxdım, sonra isə onun tempində getdim. Amma mən daim toz buludunun içində idim və tozdan və qayalardan başqa heç nə görmürdüm”.
Bu arada Əl-Əttiyy” ümumi hesabın liderinin etməli olduğu şeyi etdi: hər şeyi nəzarətdə saxlayaraq sürdü, çətinliklərdən yayınmağa çalışdı və taktiki üstünlüyündən maksimum istifadə etdi. O, finişə 17-ci gəldi və Nani Roma ilə müqayisədə dörd dəqiqədən bir qədər çox vaxt itirdi, lakin Ford-un ispan pilotu ümumi təsnifatda ikinci pilləyə qalxsa da, yenə də ondan demək olar ki, doqquz dəqiqə geri qalır.
Şübhə yoxdur ki, qalan iki gün ərzində Əl-Əttiyya lazım gələrsə, tempini artıra biləcək. Xüsusən də o, sabah The Dacia Sandriders komandasının digər iki ekipajının arxasında start alacaq və onlar gözlənilməz vəziyyət yaranarsa, məşhur komanda yoldaşına kömək etməyə hazır olacaqlar.
Bu gün də belə vəziyyət yaranmışdı: onun önündə Sebastyen Löb yolu açaraq lazım olan tempi diktə edirdi, arxasında isə Lukas Moraes gedirdi. Löb bu mərhələdə 10-cu vaxtı göstərərək Dacia pilotları arasında ən yaxşı nəticəyə imza atdı.
O, hətta ümumi təsnifatda 3-cü pilləyə qalxdı, lakin buna əsas səbəb Toyota pilotu Henk Lateganın növbəti texniki problemi idi. Belə ki, marşrutun 140-cı kilometrində arxa sol təkərdə problem yaranıb. Ekipaj problemi aradan qaldırdı, amma onlar çox vaxt itirdilər və belə görünür ki, Dakarın yekununda podiumla bağlı ümidlər də puç oldu.
İki təkərli kateqoriyada cümə axşamının ən yaxşısı Honda-nın baza pilotu Skayler Haus olub. Kaliforniyalı sürücü həm də kovboy üslublu parlaq görünüşü ilə seçilir, bivaklarda taxdığı şlyapa bunu daha da vurğulayır. Bu, onun dördüncü Dakarıdır, amma ilk dəfə mərhələ qələbəsini qazanıb.
Bununla belə, onun ümumi nəticədə 2023-cü ildəki kimi (o vaxt podiuma yüksəlmişdi) ən yaxşı nəticəsini təkrarlaması ehtimalı azdır. Halbuki onun komanda yoldaşı və həmvətəni Riki Brabek qələbə qazana bilər, çünki o, bu sinifdə lider olan KTM pilotu Lusiano Benavidesdən cəmi 23 saniyə geri qalır.
Challenger sinfində mərhələni təcrübəli argentinalı Nikolas Kavilyasso və onun şturmanı Valentina Perteqarinidən ibarət ekipaj qazandı, lakin ümumi təsnifatda onlar üçüncüdür və liderlər – ispan Pau Navarro və Xanu Rosa duetindən 44 dəqiqədən çox geri qalırlar.
SSV1 sinfində kvadrosikllərlə yarışan pilotlar arasında isə amerikalı Brok Heqer Dakar üzrə ilk ümumi qələbəsinə inamla doğru gedir: o, dünən də ən yaxşı idi, bu gün də növbəti mərhələni qazandı. Finişə iki gün qalmış onun üstünlüyü artıq bir saatdan çoxdur və trasda onu kimsənin tutması real görünmür.
Yük maşınları kateqoriyasında isə vəziyyət daha maraqlıdır. Bir tərəfdən dünəndən etibarən litvalı Vaidotas Jala rəhbərlik etdiyi beynəlxalq ekipaj liderdir, digər tərəfdən isə ardıcıl üçüncü mərhələni çexiyalı Ales Lopraisın üçlüyü qazanır. Litvalı bu gün ikinci nəticəni göstərərək liderə 2,5 dəqiqə uduzub və ümumilikdə qələbə üçün yaxşı şansları var, lakin hər şey qalan iki mərhələnin necə keçəcəyindən asılı olacaq.
Cümə günü pilotlar 310 km sürətli xüsusi sahəni qət etməli olacaqlar. Təşkilatçılar 12-ci mərhələnin bəzi xüsusiyyətlərini də qeyd edirlər: marşrut kifayət qədər dolambaclıdır, ancaq qismən qurumuş çay məcralarından keçir və burada çox yüksək sürət yığmaq mümkündür. Bu da o deməkdir ki, sabah mübarizə daha da gərginləşə bilər.




Şərh əlavə et