Racing Bulls komandası 2026-cı il bolidini təqdim edib və VCARB 03-ün dizaynında fərqlərin daha çox olduğu açıq şəkildə görünür. Komandanın rəsmi rəng çalarını sürücülər Liam Louson və mövsümün yeganə debütantı Arvid Lindblad təqdim ediblər.
Liam Louson: “2026-cı ilin rəng çalarının məhz Detroytda təqdim olunması bu anı daha da xüsusi edir. Bu şəhərlə bağlı innovasiya tarixi komandamızın gələcək üçün yaratdıqlarını tam əks etdirir.
Ford və Red Bull əməkdaşlığı, komandadakı enerji və gələcəkdə böyük nailiyyətlər qazanmaq istəyimiz Racing Bulls üçün çıxışı inanılmaz dərəcədə həyəcanverici edir. Mən maksimum motivasiyalıyam və bu baxışı trasdakı nəticələrə çevirmək üçün əlimdən gələni etməyə hazıram”.

Arvid Lindblad: “Düzü, bu an bir az qeyri-real təsir bağışlayır. Belə bir mərasimdə və bu cür simvolik məkanda Formula 1 sürücüsü kimi təqdim olunmaq heç vaxt unutmayacağım bir hadisədir. Komandanın ambisiyaları, yeni güc qurğusu və mənə olan inam çox böyük məna daşıyır.
Biz bu yeni fəsli birlikdə başlayırıq və mən öyrənməyə, işləməyə və trasda maksimumumu ortaya qoymağa hazıram”.
Sonda sürücülərə Faentsadan olan komandanın icraçı direktoru Peter Bayer və komanda rəhbəri Alan Permeyn qoşularaq bir neçə söz deyiblər.
Peter Bayer: “Bu təqdimat Racing Bulls-un – həm komandanın, həm də brendimizin təkamülünü əks etdirir. Hadisənin Detroytda baş verməsi və Ford ilə tərəfdaşlığımızın azarkeşlərə və yarış ictimaiyyətinə təqdim olunması ambisiyalarımızın və Formula 1 mədəniyyətini daha da irəli aparmaq istəyimizin göstəricisidir”.

Alan Permeyn: “2026-cı ildə Formula 1-də ən ciddi texniki islahatlardan bəziləri həyata keçiriləcək və bu yolun əvvəlində Ford ilə tərəfdaşlıq bizim üçün son dərəcə vacibdir. Red Bull Ford Powertrains layihəsi dünya səviyyəli mühəndisliyi, innovativ yanaşmanı və yarış DNT-sini birləşdirərək idmanımız yeni eraya daxil olduğu anda güclü mövqelər tutmaq imkanı yaradır.
Biz Red Bull Racing ilə sıx əməkdaşlıq edirik, Red Bull ailəsi tərəfindən yaradılanlarla qürur duyuruq və yaxın həftələrdə trasda işə başlayacağımız zaman maşınımızda bu mühərrikin olmasından məmnunuq”.
Beləliklə, Detroytdan yayımlanan təqdimat mərasimi başa çatıb.




Şərh əlavə et