Bundan sonra səhnəyə şirkətin banisi Henri Fordun nəticəsi Bill Ford çıxaraq salamlama nitqi ilə çıxış edib və ardınca təqdimatın əsas məzmun hissəsi başlayıb.
Mərasimin aparıcısı tədbir iştirakçılarına komandanın rəhbəri Loran Mekisi və Ford Motor Company-nin prezidenti Cim Farlini təqdim edib. Onlar növbə ilə bu yeni texnoloji alyansın qarşısına qoyduğu ciddi çağırışlardan və Red Bull Powertrains tərəfindən hazırlanan yeni güc qurğusunun yaradılması prosesində həll olunan mürəkkəb vəzifələrdən danışıblar.
Loran Mekis: “Maşının yeni rəng çalarını ilk dəfə gördüyün anlar həmişə xüsusi olur. Məhz bu zaman qarşıdan gələn mövsümlə bağlı həyəcanı həqiqətən hiss etməyə başlayırsan.
Biz trasda çox parlaq görünəcəyik! Formula 1 yeni və son dərəcə vacib bir eraya qədəm qoyur. Bu, həm bütün idman, həm də komandamız üçün əsl hadisədir. Biz istədik ki, RB22-nin dizaynı da bunu əks etdirsin və eyni zamanda komandamızın tarixinin başlanğıcı ilə assosiasiyalar yaratsın.
Bu dizayn komandanı ilk günlərindən fərqləndirən ruhu vurğulamaq üçün hazırlanıb. Red Bull Racing maşınlarında ilk dəfə Red Bull Ford Powertrains istehsalı güc qurğularının istifadə olunacağı ildə RB22-nin tərtibatının komandanın tarixini xatırlatması tam yerinə düşür”.
Milton-Kinsdən videobağlantı ilə təqdimata qoşulan komandanın mühərrik bölməsinin texniki direktoru Ben Hoċkinson yeni nəsil güc qurğuları barədə danışıb və təqdimat müasir virtual reallıq texnologiyalarından istifadə olunmaqla davam etdirilib.
Təbii ki, auditoriya əsasən Red Bull Racing və Racing Bulls-un yeni maşınları barədə məlumatı gözləyirdi. Bu mövzuya keçməzdən əvvəl Loran Mekisə Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali qoşularaq 2026-cı ildə dünya çempionatının tarixində başlayan yeni mərhələ haqqında bir neçə söz deyib.

Stefano Domenikali: “Hər dəfə texniki reqlamentdə böyük dəyişikliklər baş verəndə bu, idmanımız üçün yeni enerji mənbəyi olur, yeni ideyalar və rəqabət qabiliyyətinə aparan yeni yanaşmalar ortaya çıxır. 2026-cı il çox maraqlı mövsüm vəd edir, çünki yeniliklər olduqca çoxdur. Buna görə də hadisələri izləməyə davam edin və Formula 1 ailəsi adından Ford şirkətinə təşəkkürümü bildirmək istəyirəm. Biz hazırda Detroytdayıq və bu şəhər avtoidmanın tarixi üçün simvolik məkandır, lakin mən hamınızı dünyanın dörd bir yanında keçirilən Formula 1 yarışlarında görmək istərdim”.
Daha sonra səhnəyə komandanın texniki direktoru Pyer Vaşe və Red Bull Powertrains-in baş mühəndisi Fil Prü çıxaraq, mühəndislik cəhətdən yaranan çətinliklər barədə fikirlərini bölüşüblər.
Yalnız bundan sonra Red Bull Racing komandasının sürücüləri Maks Ferstappen və Ayzek Hacar səhnəyə çıxaraq, RB22-nin rəsmi rəng çalarını təqdim ediblər. Hələlik bu, şou-kar olsa da, əsas məsələ bu deyil. Aydın görünür ki, Red Bull-un ənənəvi tünd-mavi rəng çalarının tonu bir qədər dəyişib və hər iki sürücü bunu bəyəndiklərini bildiriblər.
Ümumilikdə rənglərin kombinasiyası Red Bull üçün kifayət qədər ənənəvi qalıb, lakin detallarda fərqlər var və maşın bütövlükdə doğrudan da parlaq və cəlbedici təsir bağışlayır.
Maks Ferstappen: “Mən yeni rəng çalarını bəyənirəm. O, həqiqətən çox gözəl görünür və düşünürəm ki, bu il trasda seçiləcək. Parlaq səth əladır, maşın retro üslubda hazırlanıb və bu mavi rəng mənə çox xoş gəlir.
Maşını canlı görmək çox gözəldir. Onun nə qədər dəyişdiyinə baxanda insan həm heyrətlənir, həm də təsirlənirəm. Xarici görünüş Formula 1-də karyerama yeni başladığım, hər şeyin yenilik olduğu dövrlərlə bağlı çoxlu xoş xatirələr oyadır.
Yeni dizaynda bu maşını sürməkdən məmnunam. Mexaniklərin onu təmiz saxlamaq üçün nə qədər vaxt sərf edəcəyindən əmin deyiləm! Amma o, çox dəbli görünəcək və hamı onu trasda görməkdən zövq alacaq”.

Ayzek Hacar: “Son bir neçə ay ərzində, Red Bull Racing-də çıxış edəcəyimi bildiyim andan bəri, həyatımda çox həyəcanlı anlar yaşanıb və 2026-cı ilin rəng çaları ilə ilk tanışlıq ən yaddaqalan anlardan biridir.
İndi hər şey daha real görünməyə başlayıb və bu maşının sükanı arxasına keçməyi səbirsizliklə gözləyirəm. Onun həm yeni, həm də klassik görünüşü var və çox möhtəşəm təsir bağışlayır. Mənim üçün bu, yeni bir eranın başlanğıcıdır və inanılmazdır ki, həm komanda, həm də bütün idman növümüz bu eraya eyni anda daxil olur.
Detroytda olmaq, rəng çalarını canlı görmək və güc qurğusunun yaradılması zamanı görülən işlərin miqyasını müşahidə etmək mövsümün startını daha da səbirsizliklə gözləməyimə səbəb olur. İndi mən sadəcə RB22-nin sükanı arxasına keçmək və öz mühərrikimizlə yarışmağa başlamaq istəyirəm!”




Şərh əlavə et