Xəbəri Kokpitdə Oxuyun!

Dakar 9-cu gün: Lider dəyişib

13 yanvar 2026-cı il Dakar rallisi üçün dönüş nöqtəsi ola bilər. Ən azından ispan mətbuatı belə hesab edir və onları anlamaq olar. 9-cu mərhələnin yekunlarına görə çempionatda liderliyə Ford Racing-in baza komandasında çıxış edən, vaxtilə bu marafonu həm iki, həm də dörd təkər üzərində qazanmış çox təcrübəli Nani Roma yüksəlib.

Amma bununla da bitmir: ikinci pilləyə onun komanda yoldaşı və həmyerlisi Karlos Sayns qalxıb və bu, “Matador”un Dakarın beşqat qalibi olmaq şanslarını həqiqətən artırır. O, yerlisi Romadan bir dəqiqədən az geri qalır.

Bununla belə, bu gün nə Nani nə də Karlos mərhələni ilk beşlikdə başa vura bilib. Mərhələni Energylandia Rally Team komandasının heyətində Toyota Hilux ilə çıxış edən 21 yaşlı Erik Qocalın polşalı ekipajı qazanıb. Üstəlik, ikinci yeri onun doğma əmisi Mixal Qocal tutub. O da T1+ sinfinə aid eyni tip ofroud prototipi ilə və eyni komandanın adından çıxış edir.

Üçüncü yeri də Toyota pilotu tutub – iki dəfə KTM motosikleti ilə Dakarın qalibi olmuş və iki il əvvəl sükan arxasına keçmiş avstraliyalı Tobi Prays.

Sayns bugünkü mərhələdə 7-ci nəticəni göstərib, Nani Roma isə səkkizinci olub, ancaq buna baxmayaraq finişə dörd mərhələ qalmış ümumi hesabda liderliyə yüksəliblər. Hər iki pilotun sürət həddini aşdığına görə aldığı cərimələr olmasaydı, nəticələr daha da yaxşı ola bilərdi.

Bununla belə, hadisələrin gələcək inkişafı ilə bağlı proqnoz vermək düzgün deyil, çünki Nasser əl-Əttiyə ispanlardan çox da geri qalmır və onun Dacia Sandrider-i yüksək sürətə qadirdir. Bundan başqa, bu günə qədər liderlərdən olan Henk Lategan sükan gücləndiricisinin sıradan çıxması səbəbindən ən azı 14 dəqiqə itirib və dördüncü pilləyə geriləyib. Cənubi Afrikadan olan pilot bu gün 17-ci olub.

Amma çərşənbə axşamı problemlər təkcə onda olmayıb: Ford pilotu Mattias Ekström naviqasiya səhvinə görə marşrutdan çıxıb və iki dəfədən artıq vaxt itirib. Oxşar çətinliklər əl-Əttiyədə də yaşanıb. Ümumiyyətlə, heç kim problemlərdən sığortalanmayıb, ona görə də qüvvələr nisbəti hələ dəyişə bilər.

İspan azarkeşlərini həm də onların həmvətəni Toşi Skareynanın uğuru sevindirib. O, naviqasiya səhvlərindən yayınan, marafon mərhələsində düzgün istiqamət götürən və bivouaka hamıdan tez çatan uğurlu motosikletçilərdən biri olub. Finişdə onun Daniel Sanders üzərində üstünlüyü dörd yarım dəqiqə təşkil edib, lakin avstraliyalı süraxü doqquz mərhələnin yekunlarına görə hələ də liderdir.

Challenger kateqoriyasında ən yaxşı vaxtı Taurus Evo Max yüngül ofroud avtomobili ilə çıxış edən niderlandlılar Paul Spiringhs və Yan-Piter van der Stelt göstəriblər. Eyni markalı, lakin bir qədər fərqli modifikasiyalı maşında yarışan məşhur argentinalı Kevin Benavidesin ekipajını onlar 1 dəqiqə 20 saniyə qabaqlayıblar. Bununla belə, ümumi hesabda Niderland dueti yalnız 10-cu yerdədir, lider isə  40 dəqiqədən artıq üstünlüyə malik olan ispan ekipajı Pau Navarrodur.

SSV1 sinfində uğur çilili ekipaj – Fransisko Lopes Kontrardo və Alvaro Leona qismət olub. Chaleco ləqəbli bu pilot əvvəlki illərdə Dakarda 11 mərhələ qazanmışdı və bu gün də bunu yenidən bacarıb. Amma doqquz mərhələnin yekunlarına görə Kontrardo hələlik ilk beşliyi qapayır, amerikalı Brok Heqerin liderliyinə isə hələ də heç nə təhlükə yaratmır.

Yük maşınları kateqoriyasında isə yenə də Aleş Loprais fərqlənib – məhz o, 1000 at gücünə malik Cursor FPT dizelli Iveco Powerstar-ını finişə birinci gətirib. Bu, Dakar-2026-da Lopraisin artıq üçüncü mərhələ qələbəsidir və 602 nömrəli ekipajın bugünkü nəticəsi liderlər – niderlandlı Mitçel van den Brink trioları ilə fərqi bir qədər azaltmağa imkan verib. Lakin çexlər hələ də ondan 55 dəqiqədən çox geri qalırlar və qalan günlərdə bunu aradan qaldırmaq çətin olacaq.

Məsələn, Lopraisin həmvətəni və ötənilki supermarafonun qalibi Martin Macik bu ralliyə çox yaxşı başlamışdı, amma texniki problemlərə görə tədricən mövqelərini itirir. Ümumi hesabda o artıq ilk beşlikdən kənara düşüb və işlərinin necə gedəcəyi hələ bəlli deyil.

Sabah Dakar iştirakçılarını marafon mərhələsinin ikinci hissəsi gözləyir – onları 420 km sürətli yollar gözləyir, motosikletçilər üçün isə məsafə bir qədər qısadır – “cəmi” 368 km. Əsasən səhradan keçmək və qum təpələrini aşmaq lazım gələcək ki, bu da heç asan deyil. Görək, kim bunun öhdəsindən hamıdan yaxşı gələcək? Günlər keçdikcə risklər daha da artır.

Rauf Hacıyev

Şərh əlavə et