Xəbəri Kokpitdə Oxuyun!

Dakar 8-ci gün: Variava qalibdir

Bu gün Cənubi Afrikadan olan 20 yaşlı pilot Saud Variava ötən il Dakar tarixində “Avtomobillər” kateqoriyasında mərhələ qazanan ən gənc sürücü olmasının təsadüf olmadığını bir daha sübut edib.

O, Toyota Hilux IMT Evo tamötürücülü prototipində növbəti dəfə finişə birinci çatıb, amma komanda yoldaşı və həmvətəni Henk Lateganı cəmi 3 saniyə qabaqlayıb. Variavanın yüksəliş dinamikası xüsusilə təsiredicidir: 382 km-də 6-cı, 414 km-də 3-cü, altı kilometr sonra 2-ci, sonda isə qalib olub.

Lategan dünənki səhvdən sonra ümumi hesabda liderliyi itirdiyinə görə maksimum hücum edib və Nasser Əl-Əttiyanı bir dəqiqə geridə qoyub. Ancaq The Dacia Sandriders komandasının beşqat Dakar qalibi hələ də ümumi sıralamada lider olaraq qalır, ikinci yerdə isə Mattias Ekström qərarlaşıb. Dünənki mərhələnin qalibi olan isveçli pilot bu gün 3-cü olub və Variavadan 29 saniyə geri qalıb. Ümumilikdə isə bu il Ford Racing komandasının sürücüsü Ekström stabilliyin canlı nümunəsidir.

Bazar ertəsi lider qrupda nəticələr olduqca sıx alınıb – 1-ci ilə 7-ci arasında cəmi 2 dəqiqə fərq var. Bu qrupda Əl-Əttiya (5-ci) və Karlos Sayns (6-cı) olub.

Karlos Sayns ümumi təsnifatda hələ də 5-ci yerdədir və əsas məsələ bu mərhələni problemsiz keçmələri olub: “Bəzən daşlıq ərazilərdən keçməli olduq, amma finişə çatdığımıza görə məmnunuq və artıq marafonun davamına köklənirik”.

Motosikletlər kateqoriyasında isə növbəti mərhələni qalibi Lusyano Benavides olub. Red Bull KTM Factory Racing komandasının sürücüsü bu dəfə məşhur komanda yoldaşı Daniel Sandersi təxminən 5 dəqiqə qabaqlayıb və bununla da ümumi təsnifatda liderliyə yüksəlib. Startdan əvvəl şansları yüksək qiymətləndirilməsə də, indi onun ikitəkərli sinifdə qalib ola biləcəyi real görünür.

Challenger sinfində yenə sensasiyaya bənzər nəticə qeydə alınıb: 23 yaşlı niderlandlı Pak Klaassen mərhələni qazanıb və səudiyyəli Danya Akili qabaqlayıb. Yalnız üçüncü yerdə kişilər – Pol Spierings və Jan-Pieter van der Stelt finişə çatıblar. Bununla belə, Klaassen ümumi hesabda 6-cıdır və liderlər – ispan dueti Pau Navarro / Jan Rosa – ilə fərqi 1,5 saatdan çoxdur, ona görə titul uğrunda real mübarizədə deyil.

SSV (moto-UTV) kateqoriyasında isə favorit artıq bəllidir: Sebastyen Löbün komandasında çıxış edən amerikalı Brok Heger. Bu onun ikinci Dakarıdır və o, sadəcə parlayır – 47 dəqiqədən çox fərqlə liderdir və bu gün də 8-ci mərhələni qazanıb (bundan əvvəl 3-cü, 4-cü və 6-cı mərhələləri də udub).

Ən ağır – yük maşınları kateqoriyasında isə Mitchel van den Brink üçüncü mərhələ qələbəsini əldə edib. Onun Dakar Evo 4 yük maşını MM Technology (Martin Masik) tərəfindən hazırlanıb. Masikin özü bu gün 3-cü, dünənki qalib Vaidotas Jala isə 2-ci olub. Litvalı sürücünün bu nəticəsi onu ümumi hesabda 2-ci yerə yüksəlib, amma van den Brink artıq üstünlüyünü 38 dəqiqəyə çatdırıb.

Sabah 9-cu mərhələ keçiriləcək və bu, yarışın ən həlledici günlərindən biri sayılır. Bu, ikinci “marafon mərhələsi” olacaq – avtomobillər və motosikletlər fərqli marşrutlarla hərəkət edəcəklər, yəni izlərlə orientasiya etmək mümkün olmayacaq. Üstəlik, texniki problemləri də kənar yardım olmadan özləri həll etməli olacaqlar.

Sürücüləri 418 km-lik sürətli xüsusi sahə gözləyir və təşkilatçılar açıq formada deyirlər: bu mərhələdə həm insanlar, həm də texnika ən sərt sınaqdan keçəcək. Gecəni isə hamı səhranın ortasında, çadırlarda, heç bir komfort olmadan keçirəcək – əsl Dakar ruhu məhz budur.

Rauf Hacıyev

Şərh əlavə et