Xəbəri Kokpitdə Oxuyun!

Dakar 7-ci gün: Ekström birinci olub

İsveçli pilot Mattias Ekström Dakar rallisində qalib gəlmək üçün bütün lazımi keyfiyyətlərə sahib olduğunu bir daha sübut edib. Belə ki, o, 226 nömrəli Ford Raptoru ilə 7-ci mərhələnin finişinə birinci çatıb.

Ekström Toyota baza komandasının portuqaliyalı pilotu João Ferreiranı təxminən 4,5 dəqiqə qabaqlayıb və ümumi sıralamada ikinci pilləyə yüksəlib. Bununla belə, beşqat Dakar qalibi Nasser Əl-Attiyah liderliyini qoruyur, ancaq Ekström onunla fərqi bir qədər azaldıb.

Qatarlı pilot bu gün ilk onluqdan kənarda finişə çatıb. O, həm naviqasiya problemlərinə görə, həm də Dacia Sandrideri ilə tam sürətdə gedərkən bir ağaca toxunduğu üçün vaxt itirib. Buna baxmayaraq, Əl-Əttiyə finişdən sonra nəticədən razı qaldığını bildirib, çünki çox böyük vaxt itkisi olmayıb.

Onun komanda yoldaşları arasında bu gün ən yaxşı nəticəni braziliyalı Lukas Moraes göstərib. Belə ki, o, 5-ci, Sébastien Löb isə onun ardınca 6-cı olub və ümumi sıralamada da elə həmin pillədə qərarlaşıb.

Günün uğursuzlarından biri isə Henk Lategan olub. O, məsafənin böyük hissəsində lider gedib, ancaq 428-ci kilometrdə həddi aşaraq Toyota Hilux-unun arxa hissəsini ciddi zədələyib və amortizatorları sındırıb. Cənubi afrikalı pilot təxminən 10 dəqiqə vaxt itirib və finişə əsəbi halda çatdıqdan sonra mətbuata intervyu verməkdən belə imtina edib.

İkitəkərli sinifdə ən yaxşı vaxtı Luciano Benavides göstərib. Bu, KTM sürücüsü üçün Dakar mərhələlərində artıq üçüncü qələbədir. O, bu gün ispan Edqar Kaneti təxminən 5 dəqiqə qabaqlayıb. Lakin yeddi mərhələdən sonra Benavides ümumi sıralamada hələlik 3-cü yerdədir – o, komanda yoldaşı Daniel Sanders (Avstraliya) və Honda sürücüsü Ricky Brabecdən geri qalır.

Ümumiyyətlə bu gün “Argentina günü” kimi keçib: Challenger sinfində mərhələni Kevin Benavidesin ekipajı (Lucianonun böyük qardaşı) qazanıb, SSV kateqoriyasında isə 20 yaşlı argentinalı Heremías González Ferioli BRP Can-Am Maverick R ilə birinci olub.

Yük maşınları sinfində 7-ci mərhələni ən sürətli başa vuran Team de Rooy FPT komandası olub: Iveco Powerstarı litvalı Vaidotas Žala idarə edib, naviqatoru portuqaliyalı Paulo Fiuza, mexanik isə niderlandlı Maks van Grol olub. 604 nömrəli ekipaj ümumi sıralamada 3-cü yerdədir – lider olan niderlandlı Miçel van den Brinkin ekipajı isə çex Martin Macíkin triosunu qabaqlayaraq demək olar ki, yarım saatlıq üstünlüyə sahibdir.

Sabah supemarafon iştirakçılarını Vadi əl-Davasir ətrafında halqavari mərhələ gözləyir. Bu mərhələdə 481 km sürətli xüsusi sahə var ki, bu da bütün Dakar boyunca ən uzun göstəricidir. Marşrut müxtəlif mənzərələrdən keçir, eyni zamanda istiqamətlərin gözlənilməz dəyişməsi ilə seçilir. Pilotlar və şturmanlar bu mərhələdən xüsusilə ehtiyat edirlər. Burada sürprizlər qaçılmazdır.

Rauf Hacıyev

Şərh əlavə et