Bununla da beşqat Dakar qalibi Əl-Əttiyə ümumi hesabda liderliyə yüksəlib. O, Toyota baza komandasının sürücüsü Henk Lateganı geridə qoyub. Löb isə WRC-dəki möhtəşəm nailiyyətlərinə baxmayaraq, Dakarda hələ də qələbə qazana bilməyib və görünən odur ki, 2026-cı ildə də bu arzu reallaşmayacaq. Belə ki, fransalı sürücü supermarafonun ilk yarısından sonra komanda yoldaşı Əl Əttiyədən 17 dəqiqə 36 saniyə geri qalaraq, 6-cı pillədə qərarlaşıb.
Dacia-nın tamötürücülü prototipləri ilə Səudiyyə qumlarını fəth edən bu iki sürücünü Toyota Gazoo Racing komandasının üç ekipajı izləyib: amerikalılar Set Kintero – Endrü Şort, avstraliya-ispan dueti Tobi Prays – Armanda Monleon və ilk beşliyi tamamlayan portuqaliyalılar Joao Fereyra – Felipe Palmeiru.
Altıncı və yeddinci yerləri bu gün Ford Racing-in ispan ekipajları tutub – 227 və 225 nömrəli Ford Raptor-ları sürən Nani Roma və Karlos Sayns…
Sayns ümumi hesabda hələ də 4-cü yerdədir, amma bu gün bəxti gətirməyib: mərhələnin əvvəlində naviqasiya problemlərinə görə 6,5 dəqiqə itirib. İspan mətbuatının yazdığına görə yaxşı xəbər də var. Belə ki, dünən gecə Sayns və şturmanı Lukas Kruz avtomobili özləri təmir ediblər və bunu mükəmməl bacarıblar: Ford Raptor-un mühərriki və muftası bu gün ideal işləyib.
Naviqasiya problemləri yalnız onlarda olmayıb: dünənki mərhələnin qalibi Henk Lategan da 9,5 dəqiqə itirib və Əl-Əttiyənin onu qabaqlamasında bu da rol oynayıb.
Motosikletçilər arasında günün qalibi Honda zavod komandasının təcrübəli amerikalısı Riki Brabek olub. Ötən ilin Dakar qalibi finişə ispan komanda yoldaşı Toşa Skareynadan bir dəqiqədən çox fərqlə tez çatıb.
Ümumi hesabda isə vəziyyət gərgindir: KTM-in sürücüsü Daniel Sanders hələ də liderdir, Brabek ikinci, Skareyna isə dördüncüdür. Lakin Sandersin üstünlüyü cəmi 45 saniyədir, yəni hər şey dəyişə bilər.
Challenger sinfində bu gün çilili İqnasiо Kasale fərqlənib. O, Dakarda hələ 2010-cu ildə debüt edib – əvvəl yük maşınlarında, sonra motosikletdə, daha sonra kvadrosikllarda çıxış edib və 2026-cı ildə yenidən starta qayıdıb. Kasale bu mərhələni qazanıb, amma səudiyyəli Danya Akil ona cəmi 38 saniyə uduzub. Hər ikisi Taurus T3MAX idarə edir. Ümumi hesabda isə lider ispaniyalı Pau Navarrodur. O da Akilin komanda yoldaşıdır və eyni maşınla yarışır.
Bu nəticələr belçika istehsalı Taurus-un üstünlüyünü açıq göstərir: bu sinifdə ümumi hesabın ilk beşliyi tamamilə Taurus-lardan ibarətdir.
SSV sinfində isə Polaris RZR PRO R sürən ekipajlar üstünlük təşkil edirlər. İlk iki yer Sebastyen Löbün komandasına məxsusdur, ümumi lider Brok Heger isə bu gün növbəti mərhələ qələbəsini qazanıb.
Günün bəxtsiz sürücüsü isə çexiyalı Martin Masik olub. Dünənədək ağır çəki sinfində lider olan Masikin Dakar EVO4 yük maşını 308-ci km-də texniki problemə görə dayanıb. Nəticədə ötən ilin qalibi çox vaxt itirib və finişə yalnız 6-cı çataraq, ümumi hesabda 2-ci yerə geriləyib. Liderliyə isə eyni tip yük maşını ilə yarışan niderlandlı Mitçel van den Brink yüksəlib.
Mərhələnin qələbəsi isə Masikin həmyerlisi Aleš Lopraisə qismət olub. O, bir həftənin yekununa görə 3-cü yerdədir.
Sabah Dakar iştirakçılarını istirahət günü gözləyir. Bazar günü isə supermarafon davam edəcək: 7-ci mərhələ demək olar ki, 900 km olacaq və onun yarıdan çoxu əsasən səhrada keçirilən sürətli xüsusi mərhələlərdən ibarət olacaq.




Şərh əlavə et