Hər halda, yaxın günlərdə mərhələ qələbəsi qazanan Qatri bu gün daha bir vacib nailiyyətə imza atıb və iki hissədən ibarət marafon mərhələsinin qalibi olub. Hayil şəhərində finiş xəttini Qatri və onun şturmanı Kellon Voll hamıdan əvvəl keçib. Onlar komanda yoldaşları olan ispan ekipajı Nani Roma və Aleks Karonu bir dəqiqədən bir qədər çox qabaqlayıblar.
Cümə axşamı üçüncü yeri də Ford Raptor-la çıxış edən başqa bir ekipaj – çex dueti Martin Prokop və Viktor Çutka tutub. Beşinci mərhələnin nəticələrinə görə digər komandalar arasında ən yaxşı göstərici isə Dacia Sandrider ilə çıxış edən braziliyalı Lukas Moraesə məxsus olub.
İlk beşliyi Denis Krotov və Konstantin Jiltsov qapayıb. Onlar da Ford Raptor-la yarışırlar və bu, onlar üçün supermarafonda artıq ikinci belə yüksək nəticədir.
Ümumi təsnifatda isə vəziyyət demək olar ki, dəyişməyib: lider hələ də Henk Latigan (Toyota) olaraq qalır, ikinci pillədə Nasser Əl-Attiyə qərarlaşıb, ondan cəmi bir neçə dəqiqə geri qalan Matias Ekström isə Qatrinin Ford Racing-dəki komanda yoldaşıdır. Bununla belə, Nani Roma Karlos Saynsi dördüncü pillədən sıxışdırıb çıxarıb və “Matador” liderlərə artıq səkkiz dəqiqə yarım uduzur.
Qatri Saynsdan bir pillə aşağıdadır, ancaq bugünkü tempini qorusa, onu da geridə qoymaq ehtimalı kifayət qədər real görünür.
İki təkərli texnika sinfində bu gün fərqlənən şəxs KTM zavod komandasının sürücüsü Lusiano Benavides olub. O, 2023-cü ildə ralli üzrə dünya çempionu adını qazanıb, ötənilki Dakarda isə dördüncü yeri tutmuşdu və o zaman da bir neçə mərhələnin qalibi olmuşdu. Amma ümumi təsnifatda liderlik hələ də onun Red Bull KTM Factory Racing-dəki komanda yoldaşı Daniel Sandersə məxsusdur.
Üç gün əvvəl Taurus T3MAX yüngül yolsuzluq avtomobili ilə çıxış edən çilili Lukas del Rio Dakar mərhələlərində ilk qələbəsini qazanmışdı, bu gün isə uğurunu davam etdirib. O, yenə hamıdan tez finişə çatıb. Eyni maşın ilə yarışan Pau Navarro ondan cəmi 24 saniyə geri qalıb və ispan sürücü Challenger sinfində liderliyə yüksəlib.
SSV kateqoriyasında mərhələ qələbəsi əvvəllər Dakar ralli-reydində ümumiyyətlə iştirak etməmiş ekipaja nəsib olub: amerikalı Kayl Çeyni və onun şturmanı Ceykob Arqubrayt bu gün təcrübəli çilililər Fransisko Lopes Kontardo və Alvaro Leonu qabaqlayıblar.
Hər iki ekipaj CAN-AM Maverick R kvadrosıklları ilə çıxış edir və bu uğur Çeyninin ümumi təsnifatda üçüncü pilləyə yüksəlməsinə imkan verib. Liderlik isə Sebastyan Löbün komandasından Brok Heqerdədir.
Yük avtomobilləri sinfində, dünən olduğu kimi bu gün də Martin Masikin rəhbərlik etdiyi çex trioları qalib gəlib və o, supermarafonun ilk altı gününün yekunlarına görə də bu sinfə başçılıq edir.
Sabah iştirakçıları ən uzun mərhələ gözləyir: ümumi məsafə təxminən 600 km olacaq və onun az qala yarısı sürətli xüsusi sahələrdən ibarətdir. Bu etapda qumlu dyunları, səhranı və Yaxın Şərq mənzərələrinin digər “sürprizlərini” sevən sürücülər öz sürətlərini tam mənada nümayiş etdirə biləcəklər.
Mərhələ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başa çatacaq və məhz orada Dakar iştirakçılarını çoxdan layiq olduqları istirahət günü gözləyir.




Şərh əlavə et