Bu gün Toyotanın zavod komandasının ekipajı — Lategan və onun şturmanı Brett Kammings ən yaxşı nəticəni göstərib: start nömrəsi 202 olan Hilux GR yolsuzluq avtomobili marafon mərhələsinin birinci hissəsini hamıdan əvvəl başa vurub.
Lateganın təcrübəsi kifayət qədərdir. Belə ki, bu, onun artıq dördüncü Dakarıdır və rallinin beşinci günündə o, finişə Nasser əl-Attiyadan yeddi dəqiqə tez çatıb. Dacia Sandrider tamötürücülü prototipi ilə çıxış edən Qətər pilotu bu gün ikinci olub və ümumi təsnifatda da ikinci yeri tutur, lakin orada Lategan ilə fərq daha azdır — 3 dəqiqə 55 saniyə.
Bu gün üçüncü və dördüncü nəticələri Polşanın Energylandia Rally Team komandasının iki ekipajı göstərib; onların ixtiyarında da Toyota Hilux yarış yolsuzluq avtomobilləri var. Qeyd etmək vacibdir ki, maşınlardan birində təcrübəli pilot Marek Qoçal, digərində isə 21 yaşlı oğlu Erik çıxış edir — o, “Dakar”da üçüncü dəfə iştirak edir. Günün altıncısı isə Erikin əmisi Mihal Qoçal olub.
Beşliyi Nasser əl-Attiyanın The Dacia Sandriders-dəki komanda yoldaşı Sebastyen Löb tamamlayıb. Ford Racing-in zavod komandasını təmsil edən tanınmış pilotlar Mattias Ekström və Karlos Sayns bu gün müvafiq olaraq 12-ci və 13-cü yerləri tutublar, lakin ümumi təsnifatda 3-cü və 4-cü mövqelərdə qərarlaşıblar. Əsas məsələ odur ki, bu gün onlar əlavə problemlərdən qaça biliblər və maşını qoruyublar. liderlərdən geri qalma səbəbi isə əsasən əlverişsiz start mövqeyi ilə izah olunur.
Hər halda, hər ikisi favoritlər sırasında qalır, çünki Dakarın finişinə hələ çox var və nəzəri baxımdan 13 dəqiqə (Ekström) və ya təxminən 16 dəqiqə (Sayns) fərqi kompensasiya etmək mümkündür.
Motosikletlər sinfində ardıcıl ikinci gündür ispan Toşa Skareyna diktə edir. O, Hondanın zavod komandasının sürücüsüdür. Bu gün gənc ispan xüsusi hazırlanmış Honda CRF 450 motosikleti ilə finişə hamıdan tez çatıb, lakin amerikalı komanda yoldaşı Riki Brabek 417 km məsafədə ondan cəmi 6 saniyə geri qalıb. Onlar ümumi təsnifatda da eyni ardıcıllıqla ilk iki yeri tuturlar.
Yeri gəlmişkən, Hondanın ABŞ-dan olan digər sürücüsü Skayler Hausun nəticəsi də Skareynanın vaxtından cəmi 10 saniyə zəifdir. Sanki bu komandanın sürücüləri Dakarda qələbə üçün ciddi kökləniblər. Bununla belə, hələlik proqnoz vermək tezdir.
Challenger kateqoriyasında bu gün ən yaxşı nəticəni təcrübəli argentinalı pilot Nikolas Kavilasso və onun şturmanı Valentina Perteqarini göstərib. Onlar ötən il yüngül yolsuzluq avtomobilləri sinfində qalib gəlmişdilər. 2025-ci ildə olduğu kimi, bu ekipaj Taurus ilə çıxış edir, lakin EVO Max adlı bir qədər fərqli modeldə və artıq başqa komanda olan Vertical Motorsport-u təmsil edir.
Ümumi təsnifatda onlar üçüncü yerdədir, liderlik isə hələ də Nasser Racing komandasının ekipajına — Yasir Seydan və onun fransız şturmanı Ksavye Flikə məxsusdur.
SSV (moto-UTV) sinfində liderliyi Sebastyen Löbün komandasından olan amerikalılar Brok Heger və Maks Eddi qoruyub saxlayırlar: dünən birinci pilləyə yüksəlmişdilər, bu gün isə marafon mərhələsinin aralıq finişinə ən yaxın izləyicilərindən 16 dəqiqə tez çatıblar. Bu qədər inamlı nəticə onlara rallinin ilk beş gününün yekunlarına görə liderliyi rahat şəkildə saxlamağa imkan verir.
Nəhayət, yük avtomobilləri kimi ən ağır kateqoriyada Martin Masikin rəhbərlik etdiyi çex ekipajı irəli çıxıb. Martin öz hazırladığı maşınla MM Technology komandasının heyətində yarışır. O, bu sinifdə artıq ardıcıl iki il qalib gəlib və təbii ki, Dakarı üçüncü dəfə qazanmaq istəyir.
Lakin aydındır ki, rəqibləri güclüdür və asanlıqla təslim olmayacaqlar. Bugünkü mərhələni ikinci bitirən, əvvəlki etapın qalibi Mitçel van den Brink də Dakar EVO yarış yük maşını ilə çıxış edir. Günün yekununda niderlandlı Masikdən təxminən 13 dəqiqə geri qalsa da, ümumi təsnifatda fərq cəmi 4,5 dəqiqədir. Şübhə yoxdur ki, onların qarşıdurması davam edəcək.
Sabahkı mərhələ iki günlük marafonun ikinci hissəsidir və ralli iştirakçılarını 400 km-dən çox məsafə gözləyir; bunun 356 km-i sürətli xüsusi sahələrdən ibarət olacaq. Günlər keçdikcə ekipajlar getdikcə daha çox tempə düşür, sürətlər artır, lakin bununla yanaşı naviqasiya səhvləri, deşilən təkərlər kimi xoşagəlməz sürprizlərin riski də yüksəlir. Xüsusən də cümə axşamı marşrutun bir hissəsi yenidən daşlı ərazilərdən keçəcək.




Şərh əlavə et