Qatri 2024-cü ilə qədər Challenger sinfində yarışıb, 2025-ci ildə isə T1+ kateqoriyasında debüt edərək ümumi sıralamada 5-ci yeri tutub. Bu gün isə o, tam yeni səviyyəyə yüksəlib. Uğurun əsas səbəblərindən biri Qatri və onun şturmanı Kellon Velçin təkər deşilmələrindən yayınması olub.
Bundan əlavə, Ford Racing zavod komandasının bu ekipajı ümumi sıralamaya da liderlik edir. Doğrudur, onların Ford Raptor ilə çıxış edən çex dueti Martin Prokop üzərində üstünlüyü cəmi 26 saniyədir. Amma bugünkü mərhələdə Qatri Prokopu təxminən iki dəqiqə yarım qabaqlayıb. Orlen Jipocar Team komandasını təmsil edən Prokop finişə ikinci çatıb.
Üçüncü yeri Toyota Gazoo Racing komandasının Cənubi Afrikadan olan pilotu Qay Botteril tutub. Dördüncü Dacia Sandrider ilə yarışan Lukas Moraes, beşinci isə onun komanda yoldaşı, ispaniyalı Kristina Qutyerres olub. Buninla da o, Dakar mərhələlərindəki ən yaxşı nəticəsini təkrarlayıb.
Üçüncü mərhələdən sonra ümumi sıralamada maraqlı mənzərə yaranıb: ilk beş yerin hamısını Ford Raptor ilə çıxış edən ekipajlar tutur. Bu beşlikdə Karlos Sayns 4-cü pilləyə yüksəlib və o, isveçli komanda yoldaşı Matias Ekströmə xeyli yaxınlaşıb.
Bu gün Sayns yeddinci olub və 9-cu nəticə göstərən Ekströmu qabaqlayıb. Maraqlıdır ki, üçüncü mərhələnin yekunlarına əsasən 10-cu yeri də Ford Raptor ilə yarışan ekipaj tutub – bu, Denis Krotov və Konstantin Jiltsovdur.
Amma favoritlər sırasında göstərilən Sebastyen Löb üçün gün uğursuz keçib. The Dacia Sandriders komandasının pilotu finişə cəmi 25-ci yerdə çatıb və liderə 25 dəqiqə 25 saniyə uduzub.
Fransalı sürücü bunu belə şərh edib: “Bu gün mərhələnin xüsusiyyətləri bizim maşına uyğun deyildi. Təkər deşilmələrindən qaçmaq üçün imkanların cəmi 20 faizi ilə getməli olduq. Amma nə qədər ehtiyatlı davransaq da, artıq ilk yüz kilometrdən sonra iki təkəri deşdik. Qarşıda isə hələ 300 km var idi və ehtiyat təkərlər də qalmamışdı…”
Motosikletçilər arasında günün ən yaxşısı Honda zavod komandasının ispaniyalı sürücüsü Toşa Şkareyna olub. Bu nəticə ona ümumi sıralamada 3-cü yerə qalxmağa imkan verib. Lider isə hələ də KTM ilə çıxış edən təcrübəli Daniel Sandersdir.
Challenger kateqoriyasında isə kiçik sensasiya yaşanıb: 23 yaşlı niderlandlı Pak Klaassen Dakar tarixində mərhələ qazanan beşinci qadın olub. O, argentinalı şturmanı Auqusto Sans ilə birlikdə G-Rally komandasının hazırladığı GRallyteam G-Ecko yüngül yolsuzluq avtomobili ilə yarışır.
Onlar Nasser Racing komandasının pilotu Yasir Seydanın ekipajını təxminən 8,5 dəqiqə qabaqlayıblar. Buna baxmayaraq, təcrübəli səudiyyəli sürücü ümumi sıralamada liderliyini qoruyur.
SSV sinfində lider dəyişib: üçüncü mərhələdən sonra Sebastyen Löbün komandasından olan amerikalılar Brok Heqer və Maks Eddi Polaris RZR PRO R kvadrosıklı ilə həm mərhələnin, həm də ümumi sıralamanın lideri olublar.
Yük maşınları kateqoriyasında isə günün qalibi Mitçel van den Brinkin ekipajı olub. Niderlandlı trio MM Technology tərəfindən hazırlanmış Dakar EVO4 yarış yük maşını ilə çıxış edir və çexiyalı Aleş Lopraisin ekipajını bir dəqiqədən bir az artıq qabaqlayıb. Loprais ümumi sıralamada üçüncüdür və Martin Masikin rəhbərlik etdiyi digər çex trioya çox az fərqlə uduzur.
Çərşənbə günü iştirakçıları daha çətin sınaq gözləyir: marafon mərhələsinin ilk hissəsi start götürür. Bu mərhələdə sürət sahələrinin uzunluğu çox böyük olacaq və ekipajlar tamamilə özləri istiqamət tapmalı olacaqlar, çünki motosikletçilər başqa marşrutla hərəkət edəcək və səhrada onların izləri olmayacaq.
Bundan əlavə, bütün iştirakçılar gecəni çadırlarda keçirəcəklər – nə duş, nə də digər “kommunal rahatlıqlar” olacaq. Maşını da hər ekipaj öz gücü ilə, komanda mexaniklərinin köməyi olmadan təmir etməli olacaqlar. Bu da Dakarın “ləzzətlərindən” biridir.




Şərh əlavə et