Xəbəri Kokpitdə Oxuyun!

Dakar 2-ci gün: Kintero qalib, Əl Əttiyə liderdir

Bu gün keçirilən, “Dakar” rallisinin ikinci mərhələsinin yekunlarına görə Dacia Sandrider yolsuzluq avtomobili ilə çıxış edən Nasser Əl-Əttiyə finişi 8-ci yerdə keçsə də, ümumi təsnifatda liderliyə yüksəlib.

Beşqat Dakar qalibi çox hesablanmış və stabil tempdə çıxış edib. Bu da ona şəxsi hesabda lider olmağa imkan verib. Üstünlüyü isə hələlik cəmi 7 saniyədir. İkinci yerdə Set Kintero gedir.

22 yaşlı Toyota-nın amerikalı pilotu bazar ertəsi hamıdan sürətli olub: o, ikinci mərhələnin məsafəsini komanda yoldaşı Henk Lategandan 1 dəqiqə 42 saniyə tez qət edib.

Ümumilikdə bu gün ilk beşlikdə yalnız Toyota Hilux GR tamötürücülü prototipləri yer alıb. Finişə 3-cü çatan Dakarın ötənilki qalibi, müstəqil Belçika komandası Overdrive Racing üçün çıxış edən səudiyyəli Yazid Əl-Raci istisna olub. Qalan dörd ekipaj isə Toyota Gazoo Racing-i təmsil edib.

Günün sürprizlərindən biri fransalı Simon Vitsenin 6-cı nəticəsi sayılır. O, şturmanı Maks Delfino ilə birlikdə 6,2 litrlik Chevrolet V8 mühərrikli, arxa ötürücülü Optimus MD baggisi ilə çıxış edir. Bu texnika Fransanın özəl MD Rallye Sport komandası tərəfindən hazırlanıb və göründüyü kimi, dünya avtomobil nəhənglərinin texnikaları ilə real mübarizə apara bilir.

Vitse bu mərhələdə hətta məşhur həmvətəni, Əl-Əttiyənin komanda yoldaşı Sebastyen Löbü də qabaqlayıb. Əfsanəvi Löb 7-ci nəticəni göstərib.

Sebastyen Löb mərhələni belə şərh edib: “Rəqiblərin təkərlərlə bağlı problemi olub-olmadığını bilmirəm, amma biz bu gün bundan yayına bildik. Daşlı sahələri sakit tempdə keçdik, çünki özümə dedim ki, ‘orta sürətlə getmək və sadəcə finişə çatmaq lazımdır’.

Mərhələnin ortasında ilişib qalmaq istəmirdik, çünki başa düşürük ki, Dakarın finişinə hələ çox var. Ümumilikdə nə deşilmə oldu, nə də ciddi səhv. Yalnız naviqasiya ilə bağlı kiçik bir yanlışlıq yaşandı, amma çox vaxt itirmədik. Ümumən işlər pis getmir”.

Karlos Sayns üçün isə gün uğursuz alınıb. Dünənki mərhələdən fərqli olaraq bu gün onun Ford Raptorunda təkərlər iki dəfə deşilib və ispaniyalı veteran finişə yalnız 16-cı çata bilib. O, liderə 11 dəqiqə 42 saniyə uduzub.

Mototsikletçilər arasında bu günün qalibi Daniel Sanders olub. Dünənki mərhələnin qalibi Edqar Kanet isə ikinci vaxtı göstərib. KTM baza komandasının bu iki sürücüsü ümumi təsnifatda da eyni ardıcıllıqla gedir.

Challenger sinfində bazar ertəsi fərqlənən Lukas del Rio olub. O, argentinalı şturmanı Bruno Hakomi ilə birlikdə Taurus T3MAX yüngül yolsuzluq avtomobili ilə çıxış edir. Bu, del Rio üçün Dakar mərhələlərində ilk qələbə olub. Ümumi təsnifatda isə o, dünən mərhələ qazanan argentinalı David Sillye və eyni markalı avtomobillə Nasser Racing komandası üçün çıxış edən səudiyyəli Yasir Seydandan sonra 3-cü yerdədir.

Komanda adlarına baxanda sahiblərinin kim olduğu da aydın görünür. Eyni sözləri Loeb Motorsport barədə də demək olar. Bu komandanın sürücüləri SSV kateqoriyasında Polaris RZR PRO kvadrosıklları ilə çıxış edir.

Fransalı ekipaj – Ksavye de Soltr və şturmanı Marten Bonnet bu gün  öz sinfində üçüncü olub və qaliblərə bir dəqiqədən bir az artıq uduzub. Qaliblər isə onların komanda yoldaşları – portuqaliyalı Qonşalu Gerreyru və braziliyalı Maykel Yustu olub. Lakin ümumi təsnifatda fransız dueti liderdir, Gerreyru və Yustu isə 2-ci pillədədir.

Ümumiyyətlə, bu gün mərhələnin ilk üç yerini Sebastyen Löbün komandasının ekipajları tutub. 2-ci yerdə fransızlar Ksavye Vayssad və Nikolya Rey finişə çatıb.

Yük maşınları kateqoriyasında isə lider dəyişib. Bu gün mərhələni niderlandlı Gert Huzinkin ekipajı qazanıb. O, ötən il olduğu kimi bu dəfə də Renault C460 EVO 4 hibrid güc qurğulu yük maşını ilə çıxış edir. T5.1 sinfinə aid olan bu xüsusi prototip çexiyalı MKR Technology şirkəti tərəfindən hazırlanıb. Huzink 2025-ci ildə də Dakar mərhələlərində bir neçə qələbə qazanmışdı.

Lakin ümumi təsnifatda bu ekipaj hələlik  7-ci yerdədir. Lider isə başqa bir niderlandlı trio – ikiqat Dakar qalibi Martin Masikin MM Technology komandası tərəfindən hazırlanmış yük maşını ilə çıxış edən ekipajdır. Masikin özü və komandası iki mərhələdən sonra 3-cü pillədədir. Çexlər bu gün də  3-cü olub.

Dakar irəlilədikcə iştirakçıları daha böyük çətinliklər gözləyir. Sabah onları 666 km-lik məsafə gözləyir ki, bunun 422 km-i sürətli xüsusi sahələrdən ibarətdir. Rallinin hazırkı lideri Nasser Əl-Əttiyənin sözlərinə görə, bu mərhələ “Dakarın açarıdır”, çünki naviqasiya baxımından həmişə çox çətin olan ərazilərdən keçir və sürücüləri asan gün gözləmir.

Rauf Hacıyev

Şərh əlavə et