Xəbəri Kokpitdə Oxuyun!

Dakar: Ekström proloqda birinci olub

Mərhələnin adından da göründüyü kimi Dakar rallisinin proloqu sürücülər üçün sınaqdır. Bu mərhələ əsas mübarizədən əvvəl son məşq, son yoxlama mərhələsi sayılır. İlk sürətli sahənin məsafəsi cəmi 22 km olsa da, supermarafon iştirakçıları burada həm özlərini, həm də texnikalarını sınaqdan keçirirlər və iki həftə sonra finişə çatacaq ralli-reydin gərgin mübarizəsinə köklənirlər.

Startdan ilk olaraq motosikletçilər çıxıblar və proloqda ən yaxşı nəticəni KTM motosikleti ilə Red Bull KTM Factory Racing-in zavod komandasında çıxış edən 20 yaşlı ispaniyalı Edqar Kanet göstərib. Bu, onun ikinci Dakar rallisidir, lakin eyni zamanda RallyGP kateqoriyasında debüt edir və bu fakt ona imkanlarını dərhal nümayiş etdirməyə mane olmayıb.

Üstəlik, Kanet Dakar tarixində mərhələ qazanan ən gənc pilot olub. O, finişə iki təkərli kateqoriyada 2025-ci ilin Dakar qalibi olan avstraliyalı Daniel Sandersdən 3 saniyə tez çatıb.

Yolsuzluq avtomobilləri sinfində ralli-reydin ilk gününün qalibi Ford Racing komandasınşın pilotu Mattias Ekström olub. Burada Edqar Kanetin bugünkü uğuru ilə maraqlı bir paralel də görünür: üç il əvvəl isveçli pilot da premium T1+ kateqoriyasında debüt edərkən məhz proloqu qazanmışdı.

Proloqda ikinci yeri Ekström kimi Ford Raptor idarə edən Mitç Qatri tutub. İlk üçlüyü isə MINI JCW Rally-nin sükanı arxasında çıxış edən təcrübəli belçikalı sürücü Giyom de Mevius tamamlayıb.

Dacia Sandrider tamötürücülü prototipi ilə yarışan Nasser əl-Atiyya 4-cü nəticə göstərib və Ekströmə 8 saniyə uduzub. Lakin Qətərdən olan məşhur pilot Dakar rallisində artıq 20 ildən çoxdur çıxış edir və təcrübə baxımından onunla müqayisə oluna bilən rəqiblər azdır, buna görə də bugünkü nəticəni taktiki yanaşma ilə izah etmək olar.

Ford Racing-in daha bir pilotu Karlos Sayns finişdə beşinci olub. Ancaq qeyd etmək lazımdır ki, bugünkü nəticələr yalnız motosikletçilər üçün yekun hesabata daxil edilir, dördtəkərli siniflərdə real mübarizə isə sabah başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et