Xəbəri Kokpitdə Oxuyun!

Dakar Rallisi proloqla başlayıb

Bu gün səhər saatlarında Səudiyyə Ərəbistanında 48-ci Dakar ralli-reydi rəsmi olaraq start götürüb. Bu il starta iki və dördtəkərli texnikadan ibarət 317 vasitə buraxılıb, əsas yarışların ümumi iştirakçı sayı isə 564 nəfər təşkil edir. Bunlar motosiklet və avtomobil pilotları, eləcə də onların şturmanlarıdır və onların hamısı 49 müxtəlif ölkəni təmsil edirlər.

Ənənəyə uyğun olaraq ilk gün proloq keçirilir. Ralli-reyd ölçülərinə görə onun məsafəsi böyük deyil. O, cəmi 96 km-dən ibarətdir və bunun da yalnız 22 km-i sürətli mərhələnin payına düşür.

Yola həmişəki kimi, ilk olaraq motosikletçilər çıxıblar – onların sayı 115 nəfərdir və onlar üç sinif üzrə mübarizə aparırlar. Digər iştirakçılar isə yolsuzluq avtomobilləri və yük maşınları ilə yarışırlar. Təşkilatçıların rəsmi statistikasına əsasən, bu il starta Ultimate sinfində 72 avtomobil, Stock kateqoriyasında 7 maşın (demək olar ki, seriya istehsalı olub, cüzi dəyişikliklərə məruz qalan avtomobillər), Challenger sinfində 37 maşın, SSV kateqoriyasında 41 kvadrosikl və 45 yük maşını buraxılıb.

Lakin bu, hələ tam mənzərə deyil, çünki əlavə olaraq Dakar Classic (1986–2005-ci illərdə istehsal edilmiş texnika) və Mission 1000 (alternativ yanacaq və enerji mənbələrindən istifadə edən avtomobil və motosikletlər) kimi kateqoriyalar da mövcuddur.

Ümumilikdə ralli-reydin siyahısında 787 iştirakçı və müxtəlif siniflər üzrə 421 texnika vahidi nəzərdə tutulub. İştirakçılar arasında ən çox təmsil olunan ölkələr Fransa (188 nəfər), İspaniya (106) və İtaliyadır (68).

Rauf Hacıyev

Şərh əlavə et