Xəbəri Kokpitdə Oxuyun!

FİA Mercedes-ə icazə verib

Mercedes və Red Bull-un 2026-cı il mühərrik böhranı FIA-nın təsdiqi ilə həllini tapıb.

Son günlər Red Bull və Mercedes 2026-cı il mövsümü üçün hazırlanmış mühərriklərlə bağlı iddialar səbəbilə gündəmdə yer alıb. İddialara görə, hər iki istehsalçı mühərrik daxilindəki komponentlərin termal genişlənməsindən istifadə edərək, sıxılma nisbətini faktiki olaraq artırmağın yolunu tapıb və bunu edərkən kağız üzərində qaydalara riayət etməyi bacarıb.

2026-cı ildən etibarən bütün komandaların 18:1 əvəzinə 16:1 sıxılma nisbətinə riayət etməsi tələb olunur. Texniki reqlamentdə isə sıxılma nisbətinin ölçülməsinin mühərrik soyuq vəziyyətdə olarkən aparılacağı açıq şəkildə qeyd edilib.

Mercedes-in mühərriyi FİA-nın soyuq halda keçirilən  testlərində 16:1 limitinə uyğun gəlib, lakin iş temperaturuna çatdıqdan sonra sıxılma nisbətini faktiki olaraq 18:1 səviyyəsinə yüksəldə bildiyi iddia olunub. Məlumatlara əsasən, Mercedes və Red Bull bu boşluqdan istifadə edərək dövrə başına təxminən 0.4 saniyəyə qədər performans üstünlüyü qazana biləcək. Üstəlik, sözügedən güc qurğuları artıq homologasiya olunub, yəni FIA tərəfindən qaydalara uyğun hesab edilərək rəsmi şəkildə təsdiqlənib.

Bu mərhələdə Mercedes və Red Bull Powertrains üçün hər hansı maneə mövcud deyil. Bildirilir ki, FIA mühit temperaturunda aparılan ölçmələr zamanı sıxılma nisbəti 16:1 olaraq qeydə alındığı halda, bu mühərriklərin yanma kameralarını qanuni saymağa razılıq verib. Mühərrik işlədikdən və qızdıqdan sonra bu göstəricinin artmasının isə hazırkı mərhələdə əhəmiyyət daşımadığı vurğulanıb.

FIA 2026-cı ildə mövsümündə hər altı Qran Pridə bir yalnız daxiliyanma mühərriklərinin performansını qiymətləndirəcək. Əgər ən güclü güc qurğusu ilə müqayisədə 2 faizdən artıq fərq aşkarlanarsa, bir inkişaf paketinə icazə veriləcək, fərq 4 faizi keçərsə, bu say iki yeniləməyə qədər artırıla biləcək.

Bəzi istehsalçıların hər Qran Pridə etiraz təqdim edərək, Mercedes və Red Bull mühərriklərinin yarış həftəsonunun bütün mərhələlərində qaydalara uyğun olub-olmadığını sorğulaması ehtimal daxilində qalsa da, hazırda Breklidə vəziyyət sakit olaraq qalır. Mercedes-in mühərriklə bağlı bütün inkişaf mərhələlərini FIA-ya tam şəkildə təqdim etdiyi və Beynəlxalq Federasiyanın texniki heyətinin bu həllərə rəsmi təsdiq verdiyi bildirilib.

Rauf Hacıyev

Şərh əlavə et