Xəbəri Kokpitdə Oxuyun!

Yeni Razılaşma Müqaviləsi imzalanıb

FIA, Formula 1 və çempionatın bütün 11 komandası 2030-cu ilə qədər qüvvədə olacaq yeni Razılaşma Müqaviləsini imzalayıblar. Bu barədə cümə axşamı axşam saatlarında demək olar ki, eyni vaxtda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) və Formula 1-in mətbuat xidmətləri məlumat yayıb.

Mətbuat açıqlamasında bildirilib ki, əldə olunan bu razılaşmalar sayəsində idman daha peşəkar mərhələyə keçəcək və FIA ilə Formula 1 Group arasında əməkdaşlıqda yeni bir dövr başlayacaq. Müqavilənin uzunmüddətli xarakter daşıması çempionatın qlobal auditoriyasının daha da genişlənməsinə şərait yaradacaq, eyni zamanda komandalar, televiziya yayımçıları və, təbii ki, azarkeşlər üçün sabitlik təmin ediləcək.

Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali bunları deyib: “Bu gün Formula 1 üçün mühüm gündür. Bu möhtəşəm idman növünün 75 illiyini qeyd edərkən, onun uzun və şanlı tarixinə növbəti fəslin əlavə olunmasından qürur duyuruq.

Bu müqavilə Formula 1-in qlobal miqyasda inkişafını davam etdirməsinə zəmanət verəcək və bunun üçün bütün lazımi şərait yaradılacaq. Müzakirələr zamanı ən yaxşı nəticəyə nail olmağa imkan verən əməkdaşlığa və qətiyyətə görə FIA prezidenti Məhəmməd bin Sulayemə və bütün komandalara təşəkkür edirəm.

Qürur duymaq üçün böyük səbəblərimiz var, lakin eyni zamanda qarşıdakı illərdə Formula 1-in ortaya qoyacağı bütün imkanların və potensialın reallaşdırılmasına fokuslanmışıq”.

FIA-nın prezidenti Məhəmməd ben Sulayem isə bildirib: “Bu doqquzuncu Razılaşma Müqaviləsi Formula 1-in uzunmüddətli gələcəyini təmin edəcək və onun üzərində aparılan iş zamanı nümayiş etdirilən məqsədyönlülüklə fəxr edirəm.

Obyektivlik, sabitlik və qarşılıqlı maraqların nəzərə alınması prinsiplərinə əsaslanan səmərəli əməkdaşlığa görə Stefano Domenikaliyə və onun komandasına təşəkkürümü bildirirəm.

Bu razılaşmalar qanunvericilik, texnoloji və əməliyyat imkanlarımızı daha da təkmilləşdirməyə şərait yaradıb. Buraya yarış direktorlarının, digər rəsmi şəxslərin, eləcə də hər bir yarışın keçirilməsində mühüm rol oynayan minlərlə könüllünün dəstəklənməsi də daxildir.

Biz Formula 1-in texnoloji innovasiyaların tətbiqində və qlobal idmanda yeni standartların formalaşdırılmasında avanqard mövqeyini qoruyub saxlayacağına zəmanət veririk”.

Rauf Hacıyev

Şərh əlavə et