Xəbəri Kokpitdə Oxuyun!

FİA-nın Galasında qaliblər mükafatlandırılıb

Cümə axşamı Daşkənddəki “Humo Arena” idman-əyləncə kompleksində FIA-nın möhtəşəm qala-mərasimi keçirilib. Ənənəyə uyğun olaraq bu mərasim avtomobil idmanı ilinə yekun vurub və FIA-nın himayəsi altında keçirilən müxtəlif seriya və çempionatlarda fərqlənmiş pilotlar layiqli mükafatlarını alıblar.

Belə tədbirlər adətən əsl şou xarakteri daşıyır: bir tərəfdən mərasimin keçirildiyi ölkənin mədəniyyəti dünya auditoriyasına təqdim olunur, digər tərəfdən isə uğur qazanan pilotlar və komanda rəhbərləri təntənəli şəraitdə təltif edilirlər. Bu səbəbdən əvvəlcə milli rəqslərin ustaları səhnəyə çıxıblar və tədbirə yerli kolorit qatılıb, ardınca isə çoxmərhələli mükafatlandırma mərasimi başlayıb.

Səhnəyə kartinqdən başlayaraq müxtəlif çempionatların nümayəndələri bir-bir dəvət olunublar. Qeyd edək ki, 2025-ci ildə kartinqin ən güclü sinfi sayılan KZ kateqoriyasında — bəzən “kartinqin Formula 1-i” adlandırılan sinifdə —  22 yaşlı niderlandlı Senna çempion olub. Gələcəkdə Senna van Valsteynin hansı uğurlara imza atacağı maraqla gözlənilir.

Ralli-reyd üzrə dünya çempionları Lukas Moraes və Edoar Bulanje, dünya rallikrosunda səkkizinci titulunu qazanan Yohan Kristoffersson, Formula E-də Mühəndislər Kubokunun qalibi olan Porsche və elektrik seriyasının qalibi Oliver Rouland da növbə ilə mükafatlandırılıblar.

“İlin debütantı” mükafatı Formula 3-ün çempionu Rafael Kamaraya verilib. Mükafatı ona iki il əvvəl eyni nominasiyada qalib olmuş Oskar Piastri təqdim etməli idi. Lakin Kamara bu günlərdə Formula 2 testlərində iştirak etdiyi üçün Daşkəndə gələ bilməyib və səhnəyə çıxmaq əvəzinə video-müraciət göndərərək təşəkkürünü bildirib.

Zal xüsusilə Sebastyen Ojyeni böyük alqışlarla qarşılayıb. Belə ki, fransız pilot bu il WRC-də doqquzuncu dəfə Dünya Çempionu olub. Onun çıxış etdiyi Toyota Gazoo Racing WRT komandası da ayrıca təltif edilib.

Daha sonra WEC üzrə çempionlar və mükafatçılar səhnəyə dəvət olunublar. Ferrari Mühəndislər Kubokunda qalib gəlib, Alessandro Pier Guidi, Ceyms Kalado və Antonio Covinatsi isə fərdi hesabda önə çıxıblar.

Ardınca “formula” siniflərinin növbəsi çatıb. Rafael Kamara artıq xatırladılıb, Formula 2-də isə titul Invicta Racing komandasında çıxış edən italiyan Leonardo Fornaroliyə qismət olub və o da arzulanan kuboku alıb.

Mərasimin kulminasiya nöqtəsi, şübhəsiz ki, Formula 1-də Mühəndislər Kubokunu qazanan McLaren komandası və yeni dünya çempionu Lando Norrisin mükafatlandırılması olub.

FIA-nın prezidenti Məhəmməd ben Sulayem müvəqqəti kuboku McLaren Racing-in icraçı direktoru Zek Braun və komanda rəhbəri Andrea Stellaya təqdim edib.

Zek Braun: “Fantastik mövsüm keçirdik. McLaren-də hamı inanılmaz iş gördü. Pilotlarımız möhtəşəm çıxış etdi və əlbəttə, Andreanın komandaya rəhbərliyini xüsusi qeyd etməliyik. Əksəriyyətin mümkünsüz olaraq düşünməsinə baxmayaraq, mövsümün sonunda hər iki pilotumuz titul uğrunda mübarizə apardı.

Komandamızla qürur duyuram və gələn il üçün də oxşar planımız hazırdır”.

Andrea Stella isə əlavə edib: “Pilotlar komandanın işini tamamlayan əsas fiqurlardır. Xallar qazanan, podiumlara çıxan, qələbələr gətirən məhz onlardır. Bütün bunlar bizə Mühəndislər Kubokunu qazandırıb. Lando və Oskarın trasda göstərdiyi davranışdan çox məmnunuq. Onlar komandaya yalnız yarışlara fokuslanmağa imkan veriblər. Biz hər iki pilot üçün bərabər və ədalətli şərait yaratmışıq. Buna görə onlara təşəkkür edirəm”.

Söz Oskar Piastriyə veriləndə o, açıq etiraf edib: “Yüksəlişlər də olub, enişlər də, amma bunlar təcrübənin bir hissəsidir. Düşünürəm ki, bu il gələcəkdə mənə kömək edəcək çox dərs çıxarmışam. Andrea, Zek və Lando ilə işləməyi sevirəm. Ümid edirəm, uzun illər bir-birimizi daha yaxşı olmağa məcbur edəcəyik. Mövsüm əla alındl, indi bir az dincəlmək vaxtıdır, amma tezliklə hər şey yenidən başlayacaq”.

Mak­s Ferstappen Daşkəndə gələ bilməsə də, video-müraciət göndərib. Bir qədər boğuq səslə o bildirib: “Bu axşam sizinlə ola bilmədiyim üçün təəssüflənirəm. Həkimlər uçuşu qadağan ediblər. İlk növbədə FIA-nın prezidenti Məhəmməd ben Sulayemi yenidən seçilməsi münasibətilə təbrik edirəm. Əminəm ki, bizi çox maraqlı dövrlər gözləyir. Bütün qalibləri təbrik edirəm. Hər kəs uğur üçün çox zəhmət çəkir. Özünüzlə fəxr edin və bu axşamdan zövq alın. Titulu təhvil verərkən McLaren-i və xüsusilə Landonu təbrik edirəm. Möhtəşəm mövsüm keçirdiniz və sona qədər sizinlə mübarizə aparmaq çox xoş idi. 2026-cı ildə görüşərik!”

Sonda səhnəyə Lando Norrisin dəvət olunması mərasimin emosional zirvəsi olub. Kənardan elə görünürdü ki, FIA prezidentinin ona xüsusi simpatiyası var. Belə ki, ben Sulayem Landonun saçını ata qayğısı ilə sığallayıb.

Lando Norris: “Ümid edirəm, saç düzümüm pozulmadı, axı onun üzərində çox işləmişəm! Haradan başlayım? Əlbəttə, McLaren-dən. Bu komandaya illərdir bağlıyam və bizə belə möhtəşəm maşın hazırladıqları üçün hər kəsə təşəkkür edirəm. Bu sayədə çox qələbələr qazandıq və mövsümün sonuna qədər mübarizə apardıq”.

Norris çıxışını uzun və səmimi şəkildə davam etdirib, uşaqlıq arzularından, çempionlarla mübarizədən, Monako və Silverstoundakı qələbələrin onun üçün necə xüsusi olmasından danışıb. Sonda isə bildirib: “Səhvlərimiz də oldu, çətin anlar da yaşadıq, amma buna dəyərdi. Bunların hamısı artıq tarixdir. Qarşıda isə daha çətin illər var. Çətin olacağını bilirəm, amma bunu səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et