İlk növbədə, təkərlərin yan hissəsində yenilənmiş qrafik dizayn diqqət çəkib. Markalanma yenidən işlənib və artıq damalı bayraq loqotipi ilə bəzədilib. Pirellinin fikrincə, bu dizayn yeni Formula 1 təkərlərinə fərqli bir görünüş verib. Bundan başqa tarixi dizaynın ənənələri qorunub və saxlanılıb.
Hər Qran Pri üçün tərkibləri göstərən rənglər gələn il də dəyişməyəcək: Ağ – Hard, sarı – Medium, qırmızı – Soft, yaşıl və mavi isə yenə də keçid və yağış təkərlərini ifadə edəcək.
2026-cı ilin P Zero təkər xətti beş müxtəlif tərkibi əhatə edəcək: C1 ən sərt, C5 isə ən yumşaq tərkib olacaq. Xüsusiyyətlər 2025-ci il tərkiblərinə bənzəyəcək, lakin tərkiblər arasındakı fərqlər böyüyəcək və sabitləşəcək. Bununla da komandalar yarışlarda daha çox strategiya variantından istifadə edəcəklər. Keçid və yağış təkərlərinin protektor naxışı 2025-ci ildəki kimi qalacaq.
2026-cı il təkərlərinin ölçüsü də kiçildilib və yeni texniki reqlamentə uyğun hazırlanan maşınlara tam uyğun olacaq. Diametr 18 düym olaraq qalıb, lakin protektorun eni öndə 25 mm, arxada isə 30 mm azaldılıb. Ümumi diametr də öndə 15 mm, arxada isə 10 mm kiçilib.
2026-cı il təkərlərinin rəsmi homologasiyası mövcud reqlamentə əsasən 15 dekabrda baş tutacaq. Yeni maşınlar üzərində ilk təkər testləri 2026-cı ildə 26-30 yanvar arasında Barselonada keçiriləcək.




Şərh əlavə et