Formula 1-i tənqid edirlər, çünki çempion layiq olduğu kuboku finişdən dərhal sonra yox, bir neçə gün sonra ayrıca mükafatlandırma mərasimində alır. Bu mərasim isə mövsümün finalı qədər çox baxılmır.
Ancaq bu, dəyişdirilməyən ənənədir və bunun arxasında müəyyən səbəblər dayanır. Bu barədə bir az sonra danışacağıq.
McLaren komandaının sürücüsünə təntənəli şəkildə veriləcək kubok 1995-ci ildə Britaniyanın Fox Silver Ltd. şirkəti tərəfindən hazırlanıb. Layihəni şirkətin qurucusu, Kral İncəsənət Kollecinin məzunu Riçard Foks işləyib. Kubok gümüşdən hazırlanıb, bəzi detallar isə qızıldandır və onun parlaq səthində dünya çempionu olmuş bütün pilotların imzaları həkk olunub.
Bu kubok müvəqqəti olacaq və Lando onu özündə saxlaya bilməyəcək. Belə trofeylər adətən komandanın Vokinqdəki bazasındakı vitrində xüsusi sərgilənir, bir ildən sonra isə FIA kuboku geri götürüb növbəti çempiona təqdim edir. Bu, yalnız orijinal trofeyə aiddir. Belə ki, yeni çempion öz hesabına onun surətini sifariş verə bilir. Tarixdə heç bir sürücü bundan imtina etməyib .
Çempionluq kubokunun çəkisi 5,5 kiloqramdır və britaniyalı metal ustalarının bu işi möhkəmliyi və keyfiyyəti ilə seçilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, orijinal kubokun dəyəri ən azı 500 min avrodur. Düzdür, Dünya Çempionu titulunu qazanan hər bir pilot üçün bu trofey əslində ölçülməz dəyərə sahibdir.
Yas Marina trasındakı finişdən sonra Lando Norrisin sevinc göz yaşlarını və emosional çıxışlarını görən hər kəs üçün bunlar tam aydın olub.
Mövsümün finalından bir neçə gün sonra kubokun təqdim edilməsinin də öz məntiqi var: Formula 1 çox mürəkkəb və texniki idman növüdür və hər yarışın nəticələri yalnız tam texniki yoxlamadan sonra rəsmi şəkildə təsdiqlənir. FIA maşınların reqlamentə tam uyğun olduğuna əmin olandan sonra nəticələr qüvvəyə minir. Bir neçə həftə əvvəl Las Veqasda iki McLaren sürücüsünün diskvalifikasiyasını xatırlamaq kifayətdir.
Bu dəfə isə gözlənilməz heç nə baş verməyib və Lando kubokunu alacaq. Artıq buna heç bir şübhə qalmayıb.




Şərh əlavə et