Niderlandlı sürücü Əbu-Dabidə səkkizinci qələbəsini qazanıb, lakin bu qələbə ona ardıcıl beşinci Dünya Çempionluğu titulunu qazanmağa kifayət etməyib. O, çempionatda Lando Norrisa cəmi iki xal uduzub. Finişdən sonra Red Bull Racing sürücüsü məyus görünməyib və belə bir mövsümdən sonra özünü “məğlub” saymadığını deyib.
Maks Ferstappen: “İl boyu yüksəlişlə eniş bir-birini əvəz etdi, xüsusən də mövsümün əvvəlində. Amma biz vəziyyəti dəyişdirə bildik – baxmayaraq ki, bəzən yarışdan sonra niyə zəif performans göstərdiyimizi, niyə maşının sabitlik çatışmazlığı yaşadığını belə başa düşmürdük.
Asan deyildi, amma komanda heç vaxt təslim olmadı. Liderlərdən yüz xaldan çox geri qalanda hamıya elə gəlirdi ki, mövsüm artıq bitib, ancaq biz problemlərin səbəbini anlamağa davam etdik və bunu bacardıq.
Əslində, geridən gəlmək əyləncəli oldu. Sonda neçə xal uduzmağın əhəmiyyəti yoxdur. Bir, on ya iyirmi, fərqi yoxdur, çünki yenə də geridəsən. Mənə iki xal çatmadı, ancaq yenə də mövsüm möhtəşəm keçdi.
Bu nəticəni məğlubiyyət saymıram. Lando çox yaxşı mövsüm keçirdi. Əksər vaxtlar o və Oskar arasında çox gərgin mübarizə gedirdi. Bir məqamda mən də onlara qoşula bildim.
Birinci titul həmişə emosional və xüsusi olur. Start xəttində dayanan hər kəs Landonun indi yaşadıqlarını yaşamağı arzulayır. Ümid edirəm, bu günü ailəsi və əlbəttə ki, komandası ilə doyunca yaşaya biləcək”.




Şərh əlavə et