Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Çoxdandır ağlamırdım

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, o, göz yaşlarını saxlaya bilməyib.

Lando Norris Formula 1 tarixinin 35-ci Dünya Çempionu olub. Titul üçün ona Əbu-Dabidə üçüncü yeri tutması kifayət edirdi və o, tapşırığın öhdəsindən gəlib. Mövsüm onun üçün asan keçməsə də, rəqiblərinin gücünü nəzərə alsaq, Lando titul qazanmağı bacarıb. Finiş xəttini keçəndən sonra McLaren komandasının sürücüsünün göz yaşlarını saxlaya bilməməsi də təsadüfi deyildi. Gənc britaniyalı çox güclü emosiyalar yaşayıb…

Lando Norris: “Çoxdandır ağlamırdım! Düşünmürdüm ki, ağlayacam, amma göz yaşlarımı saxlaya bilmədim! Yol çox uzun idi və ilk növbədə komandama – McLaren-dəki bütün uşaqlara, həmçinin valideynlərimə – anamla atama ürəkdən təşəkkür etmək istəyirəm, çünki onlar məni lap əvvəldən dəstəkləyiblər.

İndi inanılmaz emosiyalar yaşayıram və artıq yaxşı anlayıram ki, Maks nə hiss edirdi. Mövsüm boyu əsas rəqiblərim olan onu və Oskarı təbrik etmək istəyirəm. Onlarla mübarizə aparmaq mənim üçün şərəf idi və hər ikisindən də çox şey öyrəndim.

Mövsüm uzun idi və mən bundan həzz aldım, çünki biz bu çempionatı qazanmışıq və hamımızla qürur duyuram. Bu gün üçüncü yerdə gedirdim və titul qazanacağımı düşünməmək mümkün deyildi, baxmayaraq ki, yarış uzundur və Formula 1-də hər an hər şey baş verə bilər.

Sadəcə hücum etməyə davam edirdim və yalnız son iki-üç dövrədə bir az rahatlaşa bildim. Sona qədər mübarizə aparmaq istəyirdim və biz mövsümün hər anında bunun üçün çalışdıq. Maks bizi qovurdu, Oskar da sonlara doğru sürətlənmişdi. Bütün bunlar işimi asanlaşdırmırdı.

Yuki Tsunodaya qarşı etdiyim ötmədən danışsaq, ümumiyyətlə bilmirdim ki, bu epizodu stüardlar araşdırır. Narahat deyildim, çünki hər şeyi düzgün etdiyimi bilirdim. O anda sadəcə zövq almaq istəyirdim.

Dünyada və ya Formula 1-də çox az adam bu il mənim yaşadıqlarımı yaşaya bilər, buna görə indi hamımız üçün çox sevinirəm. McLaren-lə yolum uzun oldu, artıq doqquz ildir burdayam. Çox çətin dövrlərimiz də olub, yaxşı anlar da. İndi isə komandamıza nəsə qaytara bildim, bu il öz rolumu oynadığımı hiss edirəm.

Buna görə özümlə qürur duyuram, lakin hamımızla daha çox qürur duyuram. Ümid edirəm, onlar da göz yaşlarını saxlaya bilməyiblər!”

Rauf Hacıyev

Şərh əlavə et