Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabi F2 – Son yarışı Dürksen qazanıb

F2-də yarış nadir hallarda cəriməsiz bitir. Keçən sprintdən sonra yeni çempion Leonardo Fornaroli də cəzadan yayına bilməyib. O, Rişard Fershorla 6-cı döngədə mübarizə apararkən trasdan kənara çıxıb və geri qayıdarkən üstünlük əldə edib. Stüardlara “qazı buraxdım” desə də, onları inandıra bilməyib. Nəticədə 10 saniyəlik cəza alıb və sprintin yekun protokolunda 11-ci yerdən 17-ci yerə düşüb. Xoşbəxtlikdən xal itirməyib, sadəcə bir az məyus olub.

Bu gün keçirilən əsas yarışda Fornaroli 3-cü yerdən start alıb, poulu isə komanda yoldaşı Roman Stanek qazanıb. İlk yerdə isə Cek Krouford da yer alıb. Çempionatda ikinci yeri çox istəyən amerikalı pilot əsl döyüş əhval-ruhiyyəsində olub.

Startda Stanek liderliyi qoruyub saxlayıb, lakin ilk dövrədə 4-cü yerdən başlayan Dino Beqanoviç ikinci mövqeyə yüksəlib. Bu vaxt Kroufordun start prosedurunu pozduğuna görə cəza aldığı məlum olub və komanda onu dərhal pitə cəzasını çəkməyə çağırıb.

Üçüncü dövrədə təhlükəsizlik maşını trasa çıxıb. Səbəb 6-cı döngədə baş verən ağır qəza olub: 11-ci yerdə gedən Aleks Dan Viktor Marteni keçmək istərkən onunla toqquşub. Hər iki maşın fırlanıb, bu anda isə AIX Racing komandasının pilotu Kin Şilds böyük sürətlə Danın maşınına çırpılıb. Hər ikisi mübarizəni dayandırıb. Ən əsası, heç kim zədə almayıb. Dan da 10 saniyəlik cəza alıb, lakin artıq onun cəza çəkmək imkanı olmayıb.

Restartda Stanek liderliyi qoruyub, Beqanoviç dərhal arxasınca düşüb, üçüncü yeri Coşua Dürksen, dördüncü yeri isə Fornaroli tutub. Artıq dörd maşın mübarizəni dayandırıb, Krouford isə cəzasını çəkdikdən sonra qrupun sonunda qalıb.

7-ci dövrədə ilk pit-stoplar başlayıb. Stanek və Beqanoviç də boksa daxil olub və müvafiq olaraq 15–16-cı yerlərdə trasa qayıdıblar. Lakin Dino dərhal hücuma keçib Staneki gözəl manevrlə geridə qoyub.

O anda hələ pitə getməyən Fornaroli lider olub, ikinci yeri isə dünənki sprintin qalibi Arvid Lindblad tutub. Ancaq əsl qələbə namizədi Dürksen olub; o, boksdan Beqanoviç və Stanekdən öndə qayıdıb.

10-cu dövrədə virtual təhlükəsizlik maşını elan olunub: Sebastiyan Montoyanın maşını 14-cü döngədə mübarizəni dayandırıb.

Bu məqamda Krouford 5-ci yerdə olub, önündə isə çempionatda ikinci yer uğrunda əsas rəqibi Fershor gedirdi. Hər iki sürücünü də məcburi pit-stop gözləyirdi

14-cü dövrədə yarış yenidən başlayıb. Fornaroli liderliyi qoruyub, Nikola Tsolov Kroufordu keçməyə çalışıb, lakin amerikalı pilot yerini müdafiə edərək, 5-ci yeri saxlayıb.

16-cı dövrədə məlum olub ki, Dino Beqanoviç və Lyuk Brauninq pit yolunda sürət həddini aşdıqlarına görə 5 saniyəlik cərimə alıblar. Brauninq artıq qrupun sonunda idi, Beqanoviç isə qələbə uğrunda mübarizə aparırdı. Bu cərimə onun şansını xeyli azaldıb.

20-ci dövrədən sonra Fornarolinin təkərləri artıq yeyilib. Lindblad onun yarım saniyə arxasında olub və liderlik üçün hücum edib. 21-ci dövrədə Arvid rəqibini keçsə də,  Leonardo əks hücumla yerini geri alıb. Bu vaxt Krouford artıq üçüncü olub.

Növbəti dövrədə Lindblad təkrar hücum edib və bu dəfə uğurlu olub;  Racing Bulls komandasının gələcək pilotu liderliyə yüksəlib. 24-cü dövrədə Krouford da Fornarolini keçib, amma çempion yenə yerini geri qaytarıb.

26-cı dövrədə Krouford yenə ikinci yerə yüksəlib. Onun çempionatdakı əsas rəqibi Fershor isə 4-cü yerdə yarışı davam etdirib.

Yarışın finişinə 4 dövrə qalmış Medium təkərlə başlayan pilotlar da boksa daxil olublar. Tsolov boksdan 14-cü yerdə qayıdıb. Bu taktika heç bir fayda verməyib.

31-ci dövrədə Lindblad və Fornaroli Soft təkər üçün boksa daxil olub və onluqdan kənarda qalıblar. Beləliklə, qələbə  Coşua Dürksenə gedib. Krouford isə boksdan Fershordan öndə qayıdıb. O, Brauninqi keçərək, 10-cu olub. Bununla da amerikalı pilot 1 xal qazanıb və çempionatda ikinci yeri təmin edib, çünki Fershor finişdə 14-cü olub.

Beləliklə, Coşua Dürksen həm mövsümdəki ilk yarışını qazanıb. Bu, paraqvaylı azarkeşlər üçün böyük sevincdir! Maraqlıdır ki, o, bir il əvvəl də məhz Əbu-Dabidə qalib gəlmişdi.

İkinci yeri Dino Beqanoviç tutub, ancaq 5 saniyəlik cərimə səbəbindən üçlükdən kənarda qalıb. Roman Stanek ikinci olub və Invicta Racing-ə Mühəndislər Kubokunu gətirib.

Üçüncü yeri isə Qabriel Mini tutub və italiyan pilot iyul ayında keçirilən Belçika yarışından sonra fəxri kürsüyə yüksəlib.

Ümumilikdə, F2 mövsümünün finalı çox maraqlı və gözlənilməz keçib. Hadisələr o qədər çox olub ki, yarışı nəfəsimizi tutub izləmişik. Formula 2-nin növbəti yarışı 8 martda Avstraliyada olacaq.

Rauf Hacıyev

Şərh əlavə et