Monakolu sürücü Əbu Dabi Qran Prisinin sıralanma turunda 5-ci nəticəni göstərib. Ferrari pilotu deyib ki, maşını sıradan çıxarma riski ilə limitlərə qədər sıxıb və maksimumu çıxara bilib.
Lyuis Həmilton isə ardıcıl üçüncü yarışdır ki, sıralanma turunun birinci sessiyasından ələnir və bu gün yarışa 16-cı yerdən başlayacaq. 7 qat dünya çempionu açıq-aşkar əsəbi olub və jurnalistlərin suallarına başını tərpədərək cavab verib. O, söz tapmaqda çətinlik çəkib.
Şarl Lekler: “Üçüncü məşqdən əvvəl maşını tamamilə dəyişdik. Hissiyat bir az yaxşılaşdı. Düzdür, bu hal sürətdə özünü çox göstərmədi.
Final sessiyasındakı iki dövrəmdən də çox razıyam. Sonadək mübarizə apardım. Orasa ya dövrəni bitirəcəkdim, ya da maşını sındıracaqdım. Bəxtim gətirdi, hər ikisini başa vurdum, ona görə də nəticədən məmnunam. Daha yaxşısını etmək mümkün deyildi.
Yarışda nə olacağını bilmirəm. Rəqiblərin hamısının yarış tempi çox yüksəkdir. Biz ikinci sərbəst yürüşdə sürətli deyildik, lakin sonra sazlanmaları tam dəyişdik. Ümid edirəm ki, yarışda daha yaxşı görünəcəyik. Bunu ancaq zaman göstərəcək”.
Lyuis Həmilton: “Maşında çox şey dəyişdik. Sıralanma turunda idarəetmə çox yaxşı idi.
Söz tapa bilmirəm… İçimdəki qəzəb o qədər böyükdür ki, izah edə bilmirəm. Başqa deyəcək sözüm yoxdur”.




Şərh əlavə et