Niderlandlı sürücü mövsümün son sıralanma turunda birinci olub və titulun taleyinin həll olunacağı yarışa poul mövqeyindən başlayacaq. Red Bull Racing komandasının sürücüsü yarışı və çempionluğu qazanmaq istədiyini deyib, amma bunun üçün müəyyən qədər şansın da lazım olduğunu etiraf edib.
Maks Ferstappen: “Sıralanmanın ikinci sessiyasını işlənmiş təkərlərlə keçirdim və düşünürəm ki, kifayət qədər yaxşı dövrələr vurdum. Finalda isə daha aqressiv sürməli idim və elə bunu da etdim. Bir qədər sürət artıra bildim və birinci yerə görə inanılmaz dərəcədə şadam.
Bizim nəzarət edə biləcəyimiz yeganə şey öz işimizdir. Maşından maksimumu almağa çalışdıq və sıralanma turunda bunu edə bildik.
Finalda asfaltın temperaturu xeyli düşmüşdü, buna görə də trasın hansı anda daha sürətli olacağını təxmin etməli olurduq. Hesablamamızın 100 faiz doğru çıxacağına əmin deyildik. Amma maşına etdiyimiz bütün dəyişikliklər mənə sıralanma turunda kömək etdi.
Sabah nə edəcəyimizə baxacağıq, lakin, əlbəttə, yarışı qazanmağa çalışacağam. Yarışda çoxlu xal toplayıb titulu qazanmaq istəyirəm. Amma bunun üçün arxamda vəziyyətin mənim xeyrimə formalaşması baxımından bir az şansa ehtiyacım olacaq”.




Şərh əlavə et