Əbu-Dabidə üçüncü sərbəst yürüş xüsusilə böyük əhəmiyyət daşıyırdı, çünki titul mübarizəsində hər xırda detal həlledici rol oynaya bilərdi.
Cümə günü çempionatda lider olan Lando Norrisin hər iki sessiyada ən sürətli nəticəni göstərməsi, onun ardınca çempionatda ikinci olan Maks Ferstappenin gəlməsi, üçüncü iddiaçı Oskar Piastrinin isə ilk sessiyanı gənc pilot üçün buraxması və ikinci sessiyada yalnız 11-ci olması bu fonu daha da dramatikləşdirib.
Pirelli komandalar üçün “yumşaq” üçlüyü – C3, C4 və C5 tərkiblərini Hard, Medium və Soft kimi gətirib. Pilotlar əsasən Soft və Medium tərkiblər üzərində işləyiblər.
Cümə ilə müqayisədə trasın tempi zəifləyib – küləyin gətirdiyi qum və toz səbəbindən asfalt sürüşkənləşib, hətta havada belə toz asılı qalıb. Əksər sürücülər trasdan çıxıblar.
Norris 12-ci döngədə trayektoriyada yavaş gedən Yuki Tsunoda ilə təmasdan güc-bəla ilə qaçıb. Kor döngədə Lando onu son anda görüb və manevr edib.
Sessiyanın 31-ci dəqiqəsində qırmızı bayraq qaldırılıb. Belə ki, sürətli dövrədə gedən Həmilton 9-cu döngədə kerbə hücum edərkən maşın üzərində nəzarəti itirib və yerində fırladıb, bolid təhlükəsizlik zonasını keçib və bariyerə çırpılıb.
Lyuis kokpitdən çıxıb və qırıq hissələri maşının içinə yığıb, bolid tez bir zamanda evakvasiya olunub. “Maşının ön hissəsində nəsə ilişib, arxa təkərləri birdən sürüşdürüb”, – britaniyalı sürücü mühəndisinə bildirib.
Marşallar bariyeri bərpa ediblər, Lyuis motoskletlə paddoka qaytarılıb. Cəmi 12 dəqiqədən sonra sessiya davam etdirilib.
Pit yolunun girişində Antonelli yanından keçən Tsunodanın maşınına toxunub və hər iki bolid cüzi zədələr alıb. Bununla da trasda bir neçə qırıntı qalıb. Stüardlar epizodu araşdırmağa götürüblər.
Sessiyanın lideri 1:23.334 dövrəvi nəticə ilə Corc Rassell olub. Ondan cəmi 0.004 saniyə geridə qalan Lando Norris ikinci yerdə qərarlaşıb.
İndi komandaları çempionluq mübarizəsinin ən mühüm sessiyalarından biri olan sıralanma turu gözləyir.




Şərh əlavə et