Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Xəyalım reallaşdı

Cümə gününün nəticələrinə əsasən Ferrari-nin problemləri Əbu-Dabidə də davam edib. Şarl Lekler bunu gizlətməyib və çətinliklərin səbəbini hələ də anlamadığını deyib. O, hətta bildirib ki, günün yeganə pozitiv məqamı qardaşı Arturun birinci məşqdə iştirakı olub.

Bir çoxlarının “kiçik Lekler” adlandırdığı Artur hətta Şarla zarafat da edib. Belə ki, Şarl idarəetməni itirib trasdan çıxanda və boliddən qalın tüstü qalxanda, Artur komanda radiosundan bunun guya tamaşaçıları əyləndirmək üçün drift şou olduğunu deyib.

Şarl Lekler: “Qardaşım Arturun radioya mənim guya tamaşaçıları əyləndirmək üçün drift etdiyimi deməsindən xəbərim olmayıb. Bu, onun tərəfindən cəsarətli addım olub! Amma etiraf edim ki, bu, gözəl hissdir, çünki qardaşımı Formula 1 maşınında görəndə həmişə xüsusi emosiyalar yaşayıram. Biz uşaq vaxtından bunun xəyalını qurmuşuq və həqiqətən unudulmaz an oldu.

Təəssüf ki, bu günün yeganə pozitiv hissi də elə bu oldu, çünki qalan hər şey çətinlikləri aradan qaldırmaqla bağlı idi. Heç olmasa buna görə gülümsəyə bildim.

Hələlik tempi artırmaq üçün yol tapa bilməmişik, baxmayaraq ki, mümkün bütün yanaşmaları sınamışıq, lakin mövsümün son bir neçə mərhələsində bizdə sürət çatmadığı tam aydındır. Bunun səbəbi isə mənə tam məlum deyil.

Bu məsələni anlamaq üçün çalışmağa davam edirik və ümid edirəm ki, bugünkü sıralanma turuna qədər heç olmasa hansısa həll yolu tapa biləcəyik.

Düzünü desəm, mövsümün son cümə günü olmasına sevinirəm, xüsusilə də indi işlərimizin necə getdiyini nəzərə alsaq. Əlbəttə, ili yaxşı nəticə ilə bağlamaq istəyirəm, ancaq hazırkı vəziyyət belə davam etsə, bunun mümkün olacağına oxşamır. Yenə də əlimdən gələni etməyə qərarlıyəm”.

Rauf Hacıyev

Şərh əlavə et