Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabidə cümənin ən sürətlisi Norrisdir

Əbu Dabidə ikinci sərbşst yürüşlər zamanı hava açıq olub. Quru hava müşahidə edilib. Havanın temperaturu 26, asfalt isə 30 dərəcə ilə ölçülüb.

Birinci sessiyanı gənc sürücülərlə işləməyə sərf edən komandalar mövsümün son yarışı üçün hazırlığı ikinci məşqdə davam etdiriblər. Titulun üç iddiaçısından ikisi artıq ilk sessiyada işləyib, üçüncü pilot Oskar Piastri isə ikinci məşqdə trasa çıxıb.

Əbu Dabidə ikinci məşq həftəsonunun ən faydalı sessiyası sayılır, çünki həm vaxt etibarilə, həm də şəraitcə sıralanma turu və yarışla üst-üstə düşür. Günəş üfüqə enməyə başlayıb, günorta sürücülərə mane olan külək isə zəifləyib. Beləliklə komandalar əsas sessiyalarla eyni şəraitdə işləyə biliblər.

Pilotlar Medium və Soft tərkibli təkərlərlə yarış tempində işləyiblər. Onların yeyilməsini və effektivliyini qiymətləndiriblər. Yas Marina trasında ötmə çox çətin olduğundan, yer qazanmaq üçün ən yaxşı üsul strategiyadır və komandalar yarışda həlledici ola biləcək məlumatlar toplayıblar.

Formula 2 yürüşlərindən sonra trasın vəziyyəti yaxşılaşıb. Səthdə ilişmə artıb, maşınlar daha az sürüşüb, lakin uzun müddətdir unudulan dalğalanma problemi qalıb. Bu isə komandaları asılqan hündürlüyü ilə sınaqlar aparmağa vadar edib. Məqsəd əlavə aşınma yaratmadan maksimum asfaltayatma qüvvəsi əldə etmək olub.

Ferstappen yavaş dövrədə olarkən, Norris sürətli dövrəyə başlayıb və insidentdən qaçmaq üçün manevr etmək məcburiyyətində qalıb. Stüardlar epizodu nəzərdən keçirib, amma heç kimi cəzalandırmayıblar. Eyni qərar Antonelliyə mane olan Okon epizoduna da şamil edilib.

Birinci məşqdə olduğu kimi, ən yaxşı nəticəni yenə də Norris göstərib. Çempionatda lider olan britaniyalı sürücü dövrəni 1:23.083-ə tamamlayıb və ikinci Ferstappenin nəticəsini 0.3 saniyə üstələyib.

Rauf Hacıyev

Şərh əlavə et