Çempionatda ikinci olan DAMS komandasının amerikalı sürücüsü Cek Krouford Əbu-Dabidə poul iddiasını ilk ortaya qoyanlardan olub, amma onun nəticəsini dərhal Fornaroli, Sebastyan Montoya, daha sonra isə AIX Racing komandasının sürücüsü Coşua Dürkssen üstələyib.
Mövsümə qələbə ilə başlayan paraqvaylı sürücü daha bir neçə dəfə podiuma çıxıb və Yas Marinadakı sıralanma turunda yaxşı sürət nümayiş etdirmək gücündə olduğunu xatırladıb. O, favoritlər sırasında olmasa da, 1:37.464-lik nəticə göstərib və bu, Fornarolinin dövrəsindən təxminən yarım saniyə yaxşı olub. Dürkssenin nəticəsini uzun müddət heç kim keçə bilməyib.
Sessiyanın bitməsinə bir qədər qalmış sürücülər təzə təkərlərlə trasa qayıdıblar və poul uğrunda mübarizə yenidən qızışıb.
Gələn il F1-də yarışmağa hazırlaşan Arvid Lindblad ilk olaraq Dürkssenin nəticəsini keçib, amma liderlikdə çox qalmayıb. Ardınca Oliver Göte, Montoya, Dino Beganoviç və Krouford onu arxaya atıblar. Lakin az sonra sessiyanın ən yaxşı nəticəsini təcrübəli Roman Stanek göstərib.
Invicta Racing-in təcrübəli sürücüsü dövrəni 1:36.836-ya tamamlayıb və Krouforddan 0.2 sani sürətli olub. Növbəti cəhddə Dino Beganoviç Kroufordu keçərək ikinci yerə yüksəlib, amma poula yaxınlaşa bilməyib. Krouford da buna öz ən yaxşı dövrəsi ilə cavab verib və ikinci yerə qayıdıb, lakin poul onun üçün də əlçatmaz olub.
Bununla da heç kim Staneki keçə bilməyib. Roman radio vasitəsilə komandasına təşəkkür edərək, bu həftəsonu ona “maşın yox, raket” verdiklərini zarafatla deyib.
Bazar günü başlayacaq əsas yarışa ilk cərgədən Roman Stanek və Cek Krouford start götürəcək. İkinci cərgədə Leonardo Fornaroli və Dino Beganoviç dayanacaq. Vitse-çempionluq şansı olan və Kroufordla eyni –xal toplayan Riçard Ferhor isə uğursuz çıxış edib və yalnız 12-ci nəticəni göstərib.
Şənbə sprintində isə pouldan Arvid Lindblad start alacaq. Bu isə Campos komandasının britaniyalı sürücüsünə mövsümdə üçüncü qələbəsini qazanmaq üçün yaxşı imkan yaradıb.




Şərh əlavə et