Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Hər şey qaydasındadır

Cümə axşamı Əbu-Dabidə Kimi Antonellidən Qətər yarışından sonra yaranmış çətin vəziyyət barədə soruşulub. Sosial şəbəkələrdə onun Lando Norrisə guya bilərəkdən yol verdiyi barədə əsassız iddialardan sonra sosial şəbəkələrdə ona nifrətli sözlər yağdırılıb.

Qətər yarışından bir gün sonra isə Cianpiero Lambyaze və Helmut Marko sözlərini geri götürüblər, Red Bull rəsmi şəkildə üzr istəyib və Kimi bildirib ki, artıq hər şey qaydasındadır.

Kimi Antonelli: “Yarışdan sonra bütün o şərhləri almaq xoş olmamışdı, xüsusilə də heç vaxt etməyəcəyim bir şeyə görə – guya mən rəqibə əl eləmişəm ki, keçsin. Heç bir halda belə olmayıb. Mən üçüncü yer uğrunda mübarizə aparırdım.

Əlimdən gələni etmişdim və Saynsı ötməyə çalışırdım. Onun maşınının arxasında neçə dövrə gedəndən sonra qazı bir az artıq basdım və səhv etdim. Finişə yaxınlaşdıqca hər dövrədə daha çox hücum edirdim və nəticədə təkəri blokladım. Elə həmin anda Lando məni keçdi.

Bilirsiniz, yarışdan sonra bütün o şərhləri görmək, əlbəttə, ağrılı oldu. Amma Red Bullun açıqlamasını görmək məni sevindirdi. Üstəlik, Cianpiero gəlib mənimlə danışdı, biz hər şeyi aydınlaşdırdıq, eyni şeyi Maksla da edib danışmışdım.

Bundan əlavə, böyük dəstək aldım və bu da çox xoş oldu və mənə baş verənləri yaddan çıxarıb qarşıdakı həftəsonuna fokuslanmağa kömək etdi”.

Rauf Hacıyev

Şərh əlavə et