McLaren-in rəhbərliyi həmişə prinsipial mövqeyini açıq şəkildə bəyan edib: Lando Norris və Oskar Piastri bərabər şəraitdə yarışır, onların şansları eynidir. Elə buna görə də sürücülər bu qədər çətin situasiyada belə normal münasibətlərini qoruyub saxlayıblar.
Oskar Piastri deyib: “Bizdə trasda baş verənləri elə trasda qoymaq və onun kənarında dostluq münasibətlərini qorumaq alınır. Məncə, bu yaxşıdır. Düşünürəm ki, bu hər an dəyişə bilər və bunun baş verməməsi üçün hər iki tərəfin səy göstərməsi mütləqdir”.
Hər iki McLaren sürücüsü bildiriblər ki, mövsümün həlledici mərhələsi ərəfəsində belə komandadakı taktiki yanaşma müzakirə olunmayıb. Şansı daha yüksək olan Lando belə heç nədən xahiş etməyi düşünmədiyini deyib.
Britaniya komandasının rəhbəri Andrea Stella da eyni mövqeyi bölüşüb: “Əgər sürücülərimizdən biri titul yolunda həlledici vəziyyətə düşsə, biz buna hörmətlə yanaşacağıq, amma eyni zamanda ikinci sürücünün də titul şansı varsa, onu mübarizədən kənarlaşdıracaq heç bir qərar olmayacaq. Sadəcə, hadisələrin hansı ssenari ilə inkişaf edəcəyinə baxacağıq”.
Bununla belə, The Race-in məlumatına görə, bu o demək deyil ki, komandanın mümkün ssenarilər siyahısında komanda taktikasına müraciət etmək variantı ümumiyyətlə yoxdur. Bu addım yalnız o halda atıla bilər ki, yarışın gedişində Piastrinin titul şansları real olaraq aradan qalxsın. Belə halda komanda ondan komanda yoldaşına kömək etməsini istəyə bilər.
Məsələn, finişə yaxın vəziyyət elə ola bilər ki, avstraliyalı üçüncü, Lando isə onun arxasında dördüncü getsin. Bu halda Oskardan mövqeyi verməsi xahiş oluna bilər, çünki Norrisin çempion olması üçün sadəcə podiuma qalxması kifayət edir, hətta yarışı Maks Ferstappen qazansa belə.
Oxşar situasiyalar başqa formalarda da yarana bilər və komanda qərarlarını konkret şəraitdən asılı olaraq verəcək.
Andrea Stella əlavə edib: “Biz sürücülərimizə qarşı ədalətli olmaq, prinsiplərimizə sadiq qalmaq və yarışı elə idarə etmək istəyirik ki, bu, nə Lando, nə də Oskar üçün gözlənilməz olsun. Buna görə də Əbu-Dabi Qran Prisindən əvvəl hər ikisi ilə əlavə danışıqlar aparacağıq”.




Şərh əlavə et