FIA-nın Əbu-Dabidə keçirdiyi mətbuat konfransında ondan soruşulub ki, əgər titulu qazana bilməsə, çempionluğu əldən buraxmasına səbəb olduğunu düşünəcəyi hansı hadisələri yada salacaq.
Maks Ferstappen: “Mövsüm 24 yarışdan ibarətdir. Bəziləri digərlərindən yaxşı keçib. Çox Qran Pridə qələbə uğrunda mübarizə aparacaq sürətimiz olmayıb, amma yenə də hazırda olduğumuz nöqtəyə çatmışıq.
Ümumilikdə mövsümümüzlə və ilinin ikinci yarısında toparlanmağımızla qürur duymuşam. Sadəcə çalışmışıq və son ana qədər prosesdən zövq almağa çalışmışıq. Amma hansısa bir anı xüsusi seçmək həmişə çətin olur”.
Maks bildirib ki, valideynləri onu dəstəkləmək üçün Əbu-Dabiyə gəlməyib: “Xeyr, valideynlərim burada deyil. Atam Afrikada ralli yarışında iştirak edir, anam isə gəlməyi planlaşdırmırdı.
Düzü, özüm də mövsümün son yarışına qədər titul uğrunda mübarizədə qalacağımı planlaşdırmırdım. Zandfortdan sonra demək olar ki, bütün səfərlərimizi ləğv etmişdik, ona görə də anam indi evdə itlərlə xoşbəxt vaxt keçirir. Onsuz da televiziya Formulanı kifayət qədər geniş yayımlayır.
Bu mərhələ ərəfəsində məni xüsusi ruhlandıran olmayıb, çünki bizdə belə şeylər olmur. Yaxınlarım bilir ki, sükan arxasına keçəndə maksimumumu verirəm. Onların məni motivasiya etməsinə ehtiyac yoxdur. Bizdə bu işləmir.
Əlbəttə, onlar həmişə məni dəstəkləyirlər. Anam hər yarış həftəsindən əvvəl bir şam yandırır. Düşünürəm ki, onlar oğullarına inanırlar”.
Gələn mövsümdə Maks Ferstappenin yeni komanda yoldaşı Ayzek Hacar olacaq. Əbu-Dabidə ondan soruşulub ki, ümumiyyətlə komanda yoldaşlarından hansı keyfiyyətləri gözləyir.
Ferstappen belə cavab verib: “Biz komanda ilə birlikdə maşının inkişafı üzərində işləməliyik. Aramızda qarşılıqlı anlaşma, mehribanlıq və açıq münasibət olmalıdır ki, həftəsonu ərzində heç kim heç nə gizlətməsin. Ümumilikdə hər iki sürücü komandanı irəli aparmalıdır. Məncə, əsas məsələ budur.
Trasdan kənarda yaxşı dost olmağımız xoş bonus ola bilər, lakin bu, mütləq şərt deyil. Əsas odur ki, trasda peşəkar olaq və komandanın maraqlarına uyğun hərəkət edək”.




Şərh əlavə et