Xəbəri Kokpitdə Oxuyun!

Sauber son yarışına çıxır

Bu həftəsonu Sauber komandası üçün emosional olacaq.

Əbu-Dabi Qran Prisi Sauber üçün xüsusi məna daşıyacaq. Belə ki, komanda gələn ildən etibarən Audi-nin zavod komandası kimi çıxış edəcək və hazırkı ad altında son dəfə trasa çıxacaq.

Conatan Vitli, komandanın rəhbəri: “Əbu-Dabiyə mövsümün son yarışında maksimum mübarizə əzmi ilə yollanırıq. Uzun və ağır mövsüm oldu, amma bu proses bizi daha güclü edtdi, fəxr edə biləcəyimiz iş üslubu formalaşdı.

Nikonun Silverstoundakı podiumu əlverişli şəraitdə nəyə qadir olduğumuzu göstərdi, debüt mövsümündə Qabrielin necə böyüyüb inkişaf etməsini izləmək isə bizim üçün böyük zövq oldu. Qarşıda daha bir fürsət var, biz son döngəyə qədər mübarizə aparmağa hazırıq.

Eyni zamanda, bu həftəsonu bizim üçün emosional olacaq. Sauber adı ilə son yarışa çıxırıq və Piter Sauberin arzusu ilə yaranan komandanın irsinə hörmətlə yanaşıb, Formula 1-dəki üç onilliklik tarixini və avtoidmandakı 50 illik yolunu layiqincə sonlandırmaq istəyirik”.

Niko Hülkenberq: “Qətərdəki nəticə bizi məmnun etmədi, amma o artıq keçmişdə qalıb. Qarşıda mövsümün son yarışı var və biz hələ də Mühəndislər Kubokunda mübarizə aparırıq. Üstəlik, bu mənim Formula 1-də 250-ci startım olacaq və mövsümü yaxşı nəticə ilə tamamlamağı çox istəyirəm”.

Qabriel Bortoleto: “Debüt mövsümüm başa çatmaq üzrədir. Keçən il Formula 2-də çempion olduğum Əbu-Dabiyə qayıtmaq mənim üçün xüsusi hissdir. Həmin həftədən bir neçə gün sonra komandayla ilk testlərinə çıxmışdım. Bir ilin bu qədər tez keçdiyinə inanmaq çətindir!

Bu mövsüm çox şey öyrənmişəm, komandanın qazandığı inkişafla fəxr edirəm. Mən komanda üçün yaxşı nəticə əldə etmək istəyirəm. Burada trasda çalışanlar, bazada çalışanlar və mövsüm boyu məni dəstəkləyən hər kəs üçün… Mövsümü yüksək notlarla bitirmək üçün əlimizdən gələni edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et