Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Lindblad Racing Bulls-da yarışacaq

Racing Bulls 2026-cı il üçün sürücü heyətini açıqlayıb. Liam Louson komandada qalıb, onun yeni komanda yoldaşı isə Red Bull-un gənclər proqramının üzvü, hazırda Formula 2-də çıxış edən Arvid Lindblad olub.

Kokpit.az xatırladır ki, Racing Bulls komandasının sürücüsü Ayzek Hacar gələn il Red Bull-da yarışacaq. Komanda fransız sürücünün əvəzinə Arvid Lindbladı transfer edib.

Komandanın rəhbəri Alan Permeyn qərarı belə dəyərləndirib: “Ayzeki ürəkdən təbrik edirəm. O, möhtəşəm bir mövsüm keçirdi, yüksək səviyyəli sürücülük ustalığı və sabitlik nümayiş etdirdi, Red Bull Racing-ə keçiməyə tam şəkildə layiq idi. Onun karyerasının bu yeni və həyəcanlı mərhələsində ona yalnız uğurlar arzulayırıq. Bu yolun bir hissəsi olmaqdan qürur duyuruq.

Liam ilboyu təsirli nəticələr və yüksək peşəkarlıq ortaya qoydu, onu 2026-cı ildə də komandada görməkdən məmnunuq. Arvid çox sürətlə inkişaf etdi və özünü ən parlaq gənc istedadlardan biri kimi göstərdi. Onlar birlikdə komandanın ambisiyasını və gənclik enerjisini əks etdirən güclü və dinamik cütlük formalaşdıracaqlar”.

Arvid Lindblad ilk F1 mövsümü ərəfəsində emosional çıxış edib: “Bu imkana görə bütün komanda üzvlərinə təşəkkür edirəm. Beş yaşında başladığım yolda hər zaman Formula 1-də çıxış etməyi xəyal etmişəm və bu addımı ata bildiyim üçün qürur duyuram. Red Bull-un gənclər proqramının və şəxsi komanda üzvlərimin rəhbərliyinə, dəstəyinə və mənə olan etimadına görə minnətdaram. Onlarsız bunu edə bilməzdim.

2026-cı il ciddi sınaq olacaq, öyrənməli olduğum çox şey var, lakin komandaya tam dəstək verməyə hazıram. İşə başlamağı səbirsizliklə gözləyirəm. Gələn mövsüm çox maraqlı mövsüm olacaq».

Liam Louson isə belə bildirib: “Racing Bulls ilə yeni mövsümün başlamasını böyük həvəslə gözləyirəm. Bu imkana görə komandaya minnətdaram. 2026-cı ildə Formula 1-də böyük dəyişikliklər olacaq və bunun necə nəticələnəcəyini görmək maraqlıdır”.

Rauf Hacıyev

Şərh əlavə et