Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Hacar Red Bull-a keçib

Ayzek Hacar 2026-cı ildə Red Bull Racing-də Maks Ferstappenin yeni komanda yoldaşı olacaq

Fransalı pilot 2026-cı ildə Racing Bulls-dan Red Bull Racing-ə keçəcək və Yuki Tsunodanı əvəz edəcək. Yaponiyalı sürücü isə komandada ehtiyat və test pilotu kimi qalacaq.

Komandanın icraçı direktoru və rəhbəri Loren Mekis qərarı belə şərh edib: “Yuki artıq yeddi ildir ki, Red Bull ailəsinin bir parçası olub və mən onunla hər iki komandada işləməkdən həqiqətən zövq almışam. Beş mövsüm ərzində o, şənbə günləri sıralanma turunda, bazar günləri isə güclü startlar və yarış tempində üstün çıxan tam formalaşmış pilot səviyyəsinə yüksəlib.

Onu idmanda sevməmək mümkün deyil. Onun xarakteri hamıya keçib və o, Red Bull ailəsinin xüsusi üzvünə çevrilib. Yukinin töhfəsinə görə təşəkkür edirik və əminik ki, 2026-cı ildə gələcək layihələrimizə böyük dəstək göstərəcək”.

Mekis Ayzek Hacara da yüksək qiymət verib: “F1-də ilk ilində Ayzek inanılmaz yetkinlik nümayiş etdirdi, sürətlə öyrənməyi bacardı. Ən önəmlisi isə o, idmanda əsas ölçü vahidi sayılan saf sürəti ortaya qoydu. Onun Maksla birlikdə uğur qazana biləcəyinə inanırıq və trasda sehr yarada biləcəyini düşünürük.

2026-cı il həm komanda, həm də Red Bull Ford Powertrains üçün ciddi sınaq olacaq. Qarşıda həyəcanlı zamanlar var və birlikdə hansı nəticələr əldə edə biləcəyimizi görmək maraqlı olacaq”.

Ayzek Hacar Red Bull-un etimadına görə minnətdarlığını bildirib: “Red Bull Racing-in mənə inanmasına görə çox minnətdaram. Gənclər proqramına qoşulduğum gündən bəri gördüyüm işin belə bir nəticə verməsi möhtəşəm bir mükafatdır.

Karyeramda enişlər-çıxışlar olub, amma mənə həmişə güvəniblər və irəli doğru itələyiblər. Bu il Racing Bulls əla komanda idi, çox şey öyrənmişəm və ilk podiumumu qazanmışam. Hazırda həm pilot kimi, həm də insan kimi özümü daha güclü hiss edirəm.

Red Bull Racing-də çıxış etməyə hazır olduğumu düşünürəm və onların da belə düşünməsi məni daha da ruhlandırıb. Bu möhtəşəm keçidə görə çox həyəcanlıyam və Maksdan öyrənmək, ən yaxşılarla işləmək üçün səbirsizlənirəm”.

Rauf Hacıyev

Şərh əlavə et