Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Strategiya qələbə gətirdi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, təhlükəsizlik maşını zamanı pitə girmək onlara qələbə gətirib.

Niderlandlı sürücü Qətər Qran Prisində qalib gələrək mövsümdə yeddinci qələbəsini qazanıb. Bu nəticə ona çempionatda ikinci pilləyə yüksəlməyə və Abu-Dabidə keçiriləcək final yarışından əvvəl titul şanslarını qorumağa imkan verib.

Maks Ferstappen: “Bizim üçün inanılmaz yarış oldu. Komanda Təhlükəsizlik Maşını trasa çıxan anda pit-stop etmək qərarı ilə düzgün addım atdı. Bu, ağıllı gediş idi. Qələbə qazandığım üçün çox şadam. Biz titul mübarizəsində sona qədər qalırıq. Sadəcə, inanılmaz!

Həftəsonu bizim üçün çətin keçsə də, yarışı güclü apardıq və qalib gəldik. Ən əsas olan da budur.

McLaren-in boksa getmədiyini görəndə düşündüm: yəqin, nəsə maraqlı planları var! Aramızda fərq olduğunu bilirdim, amma təkərləri qorumaq da vacib idi. Yeyilmə həqiqətən çox yüksək idi, ancaq şükür, heç nə olmadı.

Artıq hər şey mümkündür! Mövsümün necə bitəcəyini görəcəyik. Bu barədə xüsusi narahatlığım yoxdur.

Bu gün qazanacağımı gözləmirdim. Təmiz temp baxımından McLaren səviyyəsində deyildik, lakin biz Təhlükəsizlik Maşını trasda olarkən boksa girdik və bu, mənə “pulsuz” pit-stop qazandırdı. Nəticəmi demək olar ki, həll etdi. Şübhəsiz ki, mən bu qərar sayəsində qalib gəldim.

Bu, rəqiblərin səhvinin növbəti nümunəsidir. Düşünmürəm ki, McLaren bu gün sürücülər üçün bərabər şərait yaratmaq istəyirdi və onlar sadəcə, pit-stop fürsətini qaçırdılar. Təmiz tempdə daha sürətli idilər, amma bu gün bir daha gördük ki, hər şey mümkündür”.

Rauf Hacıyev

Şərh əlavə et