Xəbəri Kokpitdə Oxuyun!

Qətər F2 – Marten Qazandı, Fornaroli Çempion oldu

Formula 2 üzrə Qətər yarışının qalibi Viktor Martin olub. Leonardo Fornaroli isə yarışı ikinci yerdə bitirərərək, çempionatdakı ən yaxın rəqibi Cek Krouford ilə fərqi 41-ə yüksəldib və mövsümün bitməsinə bir yarış qalmış Dünya Çempionu titulunu təmin edib.

Qətərdə əsas yarış Viktor Martenin qələbəsi ilə yekunlaşıb, amma bütün diqqət Leonardo Fornaroliyə yönəlib. 2024-cü ildə Formula 3 üzrə Dünya Çempionu olan italiyalı pilot bu mövsüm Formula 2 titulunu da özünə təmin edib.

Fornaroli poldan start alsa da,  Martenlə müqayisədə bir qədər zəif tərpənərək, ilk döngəyə ART pilotunun arxasında daxil olub. Roman Stanek üçüncü yeri qoruyub, Aleks Dann dördüncülük uğrunda mübarizədə Oliver Göteni keçib. Nikola Tsolov altıncı yer uğrunda mübarizədə Sebastian Montoyanı qabaqlayıb, Ritomo Miyata isə finiş görməyib və yarışdan çəkilib.

Çempionatda ikinci olan Cek Kroufors startda bir yer itirərək 16-cı pilləyə geriləyib. Şənbə sprintinin qalibi Riçard Vershor 10-cu mövqeni saxlayıb.

32 dövrəlik yarışın 3-cü dövrəsində Sebastian Montoya 1-2-ci döngə kompleksində hücum edərək Tsolovdan 6-cı yeri geri alıb. 4-cü dövrədə Rafael Vilyagomes son döngənin çıxışında tras hüdudlarını aşan Coşua Dürkseni start düzlüyündə keçib. Onların mübarizəsindən istifadə edən Vershor bir dövrə sonra Dürkseni də qabaqlayıb.

5-ci dövrədən 6-cı dövrənin sonuna qədər Dann 3-cülük uğrunda mübarizədə Staneki keçərək bir pillə yüksəlib. 7-ci dövrənin sonunda Marten, Göte, Stanek, Tsolov, Vilyagomes, Stenshorn, Dann, Krouford, Mini və Ceyms Vorton məcburi pit-stopa girərək, Soft təkərlərə keçiblər. Pit-stopda gecikmə yaşamış Marten buna baxmayaraq trasa 8-ci yerdə qayıdıb.

11-ci dövrədə Dino Beganoviç yarışda lider olub, amma 15-ci dövrədə trasdan kənara çıxan Göteyə görə Təhlükəsizlik Maşını rejimi elan edilib. Bu, təkərləri qoruyaraq hər dövrə 0.7 saniyə qazanan Beganoviçin planlarını pozaraq liderliyini riskə atıb.

Restart 17-ci dövrədə verilib — Beganoviç, Lyuk Brouninq, Benett və van Hupen ilk dörd pilləni saxlayıblar. 18-ci dövrədə Vorton 2-ci penaltini — 10 saniyəlik cəza alıb. 27-ci dövrədə Dann Campos Racing komandasınln pilotu Brouninqi keçib, 28-ci dövrədə Beganoviç pit-stopa girərək, Soft təkəri seçib və trasa 12-ci yerdə qayıdıb.

29-cu dövrədə Şilds və van Hupen də pit-stopa yollanıblar və trasa onluqdan kənarda qayıdıblar. 30-cu dövrədə Brouning və Benett pit-stop ediblər. Marten yenidən liderliyə yüksəlib, Brouninq 10-cu, Benett isə 18-ci yerdə trasa qayıdıblar.

Finişdə Viktor Marten xətti birinci keçərək mövsümdə ilk qələbəsini qazanıb. İkinci olan Leonardo Fornaroliyə bu nəticə 2025-ci ilin Formula 2 çempionu adını qazandırmaq üçün yetərli olub. O, Formula 2 tarixində titul qazanan ilk italiyan pilot kimi qeydə alınıb.

Podiumun üçüncü pilləsini Aleks Dann tamamlayıb. O, penaltidən sonra da Arvid Lindbladı arxada saxlaya bilib. Dino Beganoviç 1:38.516 zaman nəticəsi ilə ən sürətli dövrəni qoruyaraq, yarışı 8-ci pillədə bitirib.

Mövsümün sonuncu mərhələsi 5–7 dekabr tarixlərində Əbu-Dabidə Yas Marina trasında keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et