Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Çətin yarış olacaq

Aston Martin komandasının sürücüsü Fernando Alonso təkər yeyilməsinə görə çətin yarış gözləyir.

İspaniyalı sürücü Qətər Qran Prisinin təsnifat mərhələsində 8-ci nəticəni göstərib. Aston Martin pilotu final sessiyasına yüksəlməyin onun üçün xoş sürpriz olduğunu gizlətməyib. Komanda yoldaşı Ləns Stroll üçün isə təsnifat uğurlu alınmayıb və o,  19-cu yeri tutub.

Fernando Alonso: “Bu gün final sessiyasına çıxmağımız məni çox təəccübləndirdi, ona görə 8-ci yerə görə çox şadam. Təsnifat üçün əlimizdə yalnız dörd yeni Soft təkər dəsti qalmışdı, buna görə onları birinci və ikinci sessiyalarda istifadə etməyə qərar verdik, final sessiyasına isə işlənmiş təkərlərlə çıxdım.

Sprintdə iki xal qazandım, ancaq əsas yarışın daha çətin olacağını düşünürəm, çünki təkərlərin aşınması kifayət qədər yüksəkdir. Hazırda Mühəndislər Kubokunda hər xalın dəyəri var, ona görə maksimum gücümüzü ortaya qoyacağıq”.

Ləns Stroll: “19-cu yeri tutduğum üçün məyusedici gün oldu. Hiss edirdim ki, təkərlərin trasla yapışmasının limitində sürürdüm və bundan artıq sürət çıxara bilmirdim. Boliddə özümü kifayət qədər rahat hiss edirdim, amma dövrəni bütöv şəkildə birləşdirib daha sürətli ola bilmədim.

Yarış çətin olacaq, çünki bu trasda ötmə etmək çətindir. Lakin görək hansı şanslarım olacaq, baxarıq”.

Rauf Hacıyev

Şərh əlavə et