Cümə günü sürücülər Qətərdə asfalt örtüyündən narazı qalıblar, lakin Pirelli hesab edir ki, vəziyyət keçən ilə nisbətən daha yaxşı olub, günün sonunda isə təkərlər üzərində zədələr qeydə alınıb.
Pirelli-nin baş mühəndisi Simone Berra bildirib: “Cümə günü trasdakı şərtlər bir il əvvəllə müqayisədə nəzərəçarpacaq dərəcədə daha yaxşı olub, çünki o vaxt güclü külək asfaltın üzərinə həddən artıq çox qum çıxarmışdı. İndi isə asfaltın inkişaf edən səthi və maşınların evolyusiyası səbəbindən trasda ilişmə səviyyəsi elə bir nöqtəyə çatıb ki, dövrəvi nəticələr nəinki keçən ilin eyni sessiyalarından, hətta simulyatordan da daha yaxşı olub.
Yeganə sərbəst yürüşdə komandalar trası Hard təkərlərlə tanıyıblar, bir dəsti bazar günü keçiriləcək əsas yarış üçün saxlayıb, sessiyanı isə Soft tərkiblə tamamlayıblar. Sprint sıralama turunda Soft və Medium arasındakı fərq aydın hiss olunub və bu, 0.6-0.7 saniyə təşkil edib.
Sessiyaların sonunda biz tras boyunca yeni çınqıl tələlərinə çıxışlar nəticəsində trasın üzərinə düşən çınqıl səbəbindən bəzi təkərlərdə kəsiklər müşahidə etmişik. Bu zədələr təzyiq itkisinə səbəb olacaq qədər ciddi olmasa da, biz sprint zamanı təkərlərin vəziyyətini diqqətlə izləyəcəyik”.




Şərh əlavə et