Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Bu yaxşı xəbərdir

Qətər Qran Prisi ərəfəsində Aston Martin-də gözlənilməz struktur dəyişiklikləri baş verib. Belə ki, 2026-cı ildən komandanın yeni rəhbəri Ədrian Nyui olacaq. Cümə axşamı Luseyl trasında Aston Martin komandasının pilotu Fernando Alonso məşhur mühəndisin təyinatını şərh edib.

Məsələ ilə bağlı, təyinatdan əvvəl Ədrian ilə Nyuinin komanda rəhbəri ola biləcəyi ehtimalını müzakirə edib-etmədiyi soruşulanda Alonso belə cavab verib:

Fernando Alonso: “Elə də yox. Biz daha çox maşınla bağlı texniki məsələləri müzakirə edirdik, gələcək planları yox. Ancaq bu, yaxşı xəbərdir. Ədrian bolidin texniki inkişafına və komandanın idarə olunmasına rəhbərlik edirdi, həmçinin gücləndirməli olduğumuz sahələrə nəzarət edirdi. Beləliklə, o, artıq komanda daxilində idarəetmənin böyük hissəsi ilə məşğul olurdu, Endi Kovell isə daha çox mühərrik və onun şassi ilə inteqrasiyasına cavabdeh idi.

Bu, yəqin ki, 2026-cı il hədəfi üçün atılan məntiqli addımdır. Öz sahələrində ən yaxşı iki mütəxəssisimiz var – biri şassi, digəri mühərrik inteqrasiyası üzrə işləyir. Həm də Lourens Stroll kimi çox güclü liderimiz var. Deməli, bu üç nəfərlə etibarlı əllərdəyik.

Ədrianın yalnız bir üslubu var – nəticəyə fokuslanmaq. İndi də nəticə üçün çalışmadığımızı demək olmaz, sadəcə bundan sonra hər şey daha da ekstremal olacaq.

Unutmamalıyıq ki, komandamız faktiki olaraq hələ çox gəncdir. Son 2-3 ildə xeyli böyüdük və bir çox yeni əməkdaşlar cəlb etdik. Bütün bu gənc, enerjili insanlara, Formula 1-də uğur qazanmağı öyrənmək üçün Ədrianın və digər möhtəşəm liderlərimizin rəhbərliyi vacibdir.

İdmanın ən uğurlu iki mütəxəssisi məhz bizdədir: Endi Kovell və Ədrian Nyui”.

Rauf Hacıyev

Şərh əlavə et